“Vaqner” muzdluları rus əsgərlərini oğurlayır, zorlayır və işgəncə verirdilər” – Rus polkovnikdən şok açıqlama / VİDEO

“Vaqner” muzdluları rus əsgərlərini oğurlayır, zorlayır və işgəncə verirdilər.

Bunu bu yaxınlarda Ukraynanın Baxmut şəhəri yaxınlığında “Vaqner” tərəfindən əsir götürülən Rusiya ordusunun polkovnik-leytenantı, 72-ci motoatıcı briqadanın komandiri Roman Venevit yaydığı videomüraciətdə deyib.

Venevitin sözlərinə görə, o, baş verənlərlə bağlı həqiqəti Rusiya ictimaiyyətinə çatdırmaq, həmçinin “Vaqner” adlanan muzdlu dəstə ilə bağlı faktları açıqlamaq üçün bu müraciəti yayıb.

O, videomüraciətində Yevgeni Priqojinin muzdluları tərəfindən işgəncələrə məruz qaldığını iddia edib: “Əsir düşdükdən sonra saxlanıldığım zirzəmidə işgəncələrə məruz qaldım. Onlar mənə qəzəbli bir rus əsgərinin əsir ukraynalı ilə rəftarından daha pis işgəncə verdilər. Məni döydülər, yuxudan məhrum etdilər, gecələr üç dəfə çölə çıxardılar, orada mənə atəş açdılar”.

Rus polkovnik əlavə edib ki, “Vaqner” cəbhədəki silah-sursatı oğurlamaqla məşğul olub: ““Vaqner” muzdluları iki T-80 tankı, 4 top, bir “KAMAZ” markalı yük maşını və zirehli maşın oğurlayıblar. Muzdlular onları müharibə “kuboku” kimi götürüblər”,-deyə o, bildirib.

Venevit həmçinin, rus hərbçilərinin “Vaqner” muzduluları tərəfindən işgəncələrə məruz qaldığını bildirib: “Hərbçilərimiz fiziki zorakılığa məruz qaldıqdan və alçadıldıqdan sonra oğurlanıblar. Batalyonumuzun kiçik zabitlərindən birini oğurlayıb işgəncə veriblər. O, zirzəmidəki soyuq döşəmədə çılpaq çəkildə saxlanılıb. Gözlərinə kimyəvi maddə səpiblər. Buna görə də müvəqqəti olaraq görmə qabiliyyətini itirib. Üzərinə benzin töküb, onu yandırmağa çalışıblar. Digər bir hərbçimiz “Vaqner” muzdluları tərəfindən döyülüb və zorlanıb. O, bu şəkildə alçadılmağı qəbul edə bilmədiyi üçün özünü öldürdü”.

Polkovnik qeyd edib ki, oğurlanmış hərbçilərini “Vaqner”ə verilən döyüş sursatı müqabilində geri qaytara biliblər.

Venevit əlavə edib ki, rus əsgərləri ölüləri və yaralı əsgərləri daşımaq üçün qul kimi istifadə olunublar. O, iddia edib ki, rus həbçilər ordudan ayrılaraq, “Vaqner”lə müqavilə imzalamağa məcbur ediliblər./azpolitika.info