Bu günün səhərini telefon zəngi ilə açdım. Zəng narkotik asılılığından qurtaran və digərlərini də bu asılılıqdan xilas etməyə çalışan şəxsin qohumundan gəlmişdi. Bu şəxsin Stopnarkotik.az-ın Youtube və Tik-Tok kanallarında yayımlanan müsahibəsinin silinməsini istəyirdi. Zəng sahibi bildirdi ki, sözügedən videogörüntünün yayılması onların ailəsini narahat edir. Baxmayaraq ki, həmin görüntülər qarşı tərəfin istəyi ilə lentə alınmışdı...
Yəqin cəmiyyətdə narkomaniya, iqromaniya və s. kimi aludəçiliyə ürcah olmuş hər bir fərdin ailəsi eyni hissləri yaşayır. Başqa sözlə, ailələr belə üzvlərinin yaşadıqlarını gizlətməyə çalışır. Amma bildiyimiz kimi – istər narkomaniya, istər də digər asılılıqlar olsun, hətta intiharlar belə, sadəcə nəticədir...
Cəmiyyətimiz də təzadlıdır. Çünki problemin doğurduğu nəticə ilə əlləşir, amma problemi hələ beşiktəykən boğmağın zərurətini ya dərk etmir, ya qəbul etmir.
Bir neçə gün əvvəl Xırdalanda yeniyetmələrin intihar hadisələri baş verdi. Hadisə sosial şəbəkələrdə geniş müzakirə edildi. Bu olaya münasibətini bildirən psixoloqlar intiharların diqqətsizlik və sevgisizlikdən qaynaqlandığını bildirdilər. Əlbəttə, hadisənin səbəblərinə hakim olan şəxslər də təxminən eyni fikrə yaxındırlar. Hətta bir az da uzağa gedib, intiharların baş verməsində narkotiklərin rolunun olduğunu qeyd edənlər də oldu.
Azərbaycan cəmiyyəti ənənəvi mental dəyərlərinə bağlı toplum kimi qəbul olunur. Yəni hələ ki, bu fikir əksəriyyət üçün üstünlük təşkil edir. Bu səbəbdən, övladlarının və yaxınlarının narkotikin toruna düşməsini, orada çapalamasını ailələr həzm edə bilmir. Amma vəziyyətin bu həddə çatmasında günahkar kimdir, kimlərdir, yaxud bəlkə nələrinsə dəyişməsidir?
Cəmiyyətimiz orbitində olduğu sovet dönəmində milli-mental dəyərlərindən nələrsə saxlamışdı. Sovet dönəmində toplum yazılmış qanunlarla tənzimlənsə də, ondan əvvəlki yazılmamış qanunların təsiri danılmaz idi. Yəni bu bağ tam qopmamışdı. Üstəlik, Sovet dönəmi də özünəməxsus şəkildə var olanları cilalamışdı. Dövlət qapalı olduğu üçün cəmiyyət də qapalı idi. Bir çox şeylər yazılmamış qanunlar, dəyərlərlə tənzimlənirdi. Ailə institutu güclü idi. Ailə institutu, dəyərlərlə yanaşı, fərdlərin həyat – fəaliyyət orbiti dövlət tərəfindən formalaşdırılırdı. Başqa sözlə, insanları dövlət tərbiyə edirdi, yəni tərbiyəçi dövlət idi.
Sövetlər Birliyinin yıxılmasıyla yanaşı, bir çox şey, həmçinin insana münasibət də dəyişdi. Ona daha çox sərbəstlik verildi. İnsanı yönəldən, onu “ideal sovet insanı olmağa can atmağa sövq edən” arbitr – dövlət kənara çəkildi, dövlətin tərbiyəçi siması və funksiyası tar-mar oldu. Artıq insanın hansısa həyat amalı yox idi. Sovet insanının xoşbəxtlik məqsədi “sovet insanı” olmaq, onun diqtə etdiyi dəyərlərə uyğun yaşamaq idisə, günümüzün insanının belə bir amalı yox idi. Günümüzün insanının xoşbəxt olmaq tərcihi daha çox zövq almağa yönəlib. Amma problem burdadır ki, xoşbəxtlik üçün zövqün, həzzin ünvanı naməlumdur. Bunu hər kəs özü kəşf edir və kəşfetmə prosesində yanlış yollara qapılma baş verir. Zövq və həzz prosesinin hədəfi heç kim tərəfindən aşılanmır və meydan boş qalır.
Eynilə, ailə institutunun dağılması, nüfuzunu itirməsi da hədəfsizliyin, çaşqınlığın nəticəsidir və prosesi tətikləyir. Daha da irəli gedib deyə bilərik ki, övladını tərbiyə edə bilməyən ailələrin funksiyasını sovet dönəmində dövlət bağçalar, məktəblər vasitəsilə yerinə yetirirdi. İndi ailələrin uşaqlarının tərbiyə edə bilməməsindən başqa, əvvəllər təlim-tərbiyə ocaqları olan məktəblər də simalarını itiriblər. Yaşı 35-40 civarında olan şəxslər yəqin ki, sovet dönəminin müəllimlərini xatırlayırlar. O zamankı müəllimlər şagirdlərinin yalnızca tədris prosesində yox, təlim-tərbiyə işində də iştirak edirdilər. Onlar şagirdlərinin tərbiyə işinin əziyyətinə qatlaşırdılar. Amma günümüzdəki məktəblər daha çox yalnızca fənnlərin tədrisi ilə məhdudlaşan biznes obyektlərinə çevrilib. Günümüzün müəllimləri fənnləri tədris etməklə vəzifələrini bitmiş hesab edirlər. Sovet dönəminin müəllimləri isə ilk öncə pedaqoq idilər və həm fənnlərin tədrisi, həm şagirdlərin fərd olaraq tərbiyəsini həyata keçirirdilər.
Əlbəttə, bizim niyyətimiz SSRİ-ni “bərpa etmək” deyil, əksinə, bu “şər imperiyası”nın qalığı olan Rusiyanın da eyni aqibətlə üzləşməsinin, tərkibindəki bütün xalqların, xüsusilə də türkdilli xalqların tezliklə azad olmasının tərəfdarıyıq. Sadəcə, Sovetlər Birliyi dönəmində istər təhsil, istər də təlim-tərbiyə sahəsində indiki qədər problem olmadığını da etiraf etməliyik.
Bu gün isə bizim üçün ən aktual suallardan biri odur ki, indikü müəllimlər üçün də şagirdlərin təlimi-tərbiyəsi əhəmiyyət kəsb edirmi, yoxsa onlar üçün şagirdlər yalnız maddi qazanc qaynağıdır? Fikrimizcə, ikinci variant sualın cavabına daha çox yaxındır.
Bəs, bu durumda yalnız müəllimlər məsuliyyət daşıyır? Fikrimizcə, yox, övladlarına tərbiyə verə bilməyən valideynlər də müəllimlərin “hörmətsiz duruma” düşməsində iştirakçıdırlar.
Ailələr və məktəblərin tərbiyəçi funksiyasını itirdiyinə görə prosesə məktəb psixoloqlarının müdaxiləsi qaçılmazdır. Amma burada da yenə “Azərbaycan təcrübəsi” öz sözünü deyir. Söhbət ondan gedir ki, məktəb psixoloqlarının peşəkarlıq səviyyəsi arzu edilən səviyyədə deyil. Sovet dönəmində, dediyimiz kimi, tərbiyəçi vəzifəsini dövlət öz öhdəsinə götürdüyü və pedaqoq funksiyasını müəllimlər yerinə yetirdiyi üçün psixologiya peşəsinə əhəmiyyət verilmirdi. Amma günümüzün reallığı məktəb psixoloqlarının mövcudluğunu zəruri edir. Gənc nəslin tərbiyəsində çatışmazlıqların yerini doldurmaq üçün məktəblərdə dərs vəsaiti şəklində psixoloji maariflənmə, yaxud psixoloqların şagirdlərlə dərs təlimləri keçirməsi variantları gözdən keçirilməlidir. Yəni gözləmək lazım deyil ki, məktəblərdə uşaqlar arasında münaqişə yaransın, yaxud normal uşaqlar çətin tərbiyə olunan uşaqların psixoloji təzyiqinə məruz qalandan sonra onlar barəsində ölçü götürülsün.
Problem bundadır ki, ölkəmizdəki məktəb psixoloqlarıı kifayət qədər peşəkar deyil. Bundan başqa, məktəb psixoloqlarının maaşı da az olduğundan, bu, onların canla-başla içləməsinə stimul yaratmır. Digər tərəfdən, məktəb psixoloqu ştatına evdar qadınlar yox, ixtisasca psixologiya ixtisasını bitirən savadlı psixoloqlar təyin etmək gərəkdir. Bu cür kadrlar tapılmadıqda isə, savadlı psixoloqlarla müqavilə əsasında onların eyni zamanda bir neçə məktəbdə çalışmasını təmin etmək olar.
Peşəkar psixoloqlar şagirdlərə təlimlər çərçivəsində yetərli səviyyədə psixoloji maariflənmə işi apara bilərlər. Odur ki, problemin şişib - partlamasını gözləmədən onu beşiyində boğmaq, müdaxilə etmək lazımdır. Problemə evdar qadın statusundan məktəbə psixoloq kimi qədəm qoymuş şəxslərdən fayda yoxdur, onları peşəkar psixoloqlarla, maarifləndirici təlimlərlə əvəzləmək lazımdır. Bu yol narkomaniya və s. pis vərdişlərin pəncəsində çapalayan gəncliyimizin ailə - məktəb işbirliyi sayəsində qurtulmasına yol açar.
Gördüyümüz kimi, probelmin qaynağı ailə və təhsilin birgə işbirliyini zəruri edir. Bu işbirliyini təmin edə bilsək, yanlış yola düşmüş yeniyetmə və gənclərimizin narkomaniya, iqromaniya, oğru – kriminal dünyasına heyranlığının körüklənməsi və s. pis vərdişlərin caynağına ilişmiş övladlarımızın səhvlərindən utanc duymayacağıq. Unutmayaq ki, “zərərin yarısından dönmək də xeyirdir”.
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az