Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.
O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbədə olan tanıdığım şəxslə tanış etdim. Dedim baxın işindən razı qalsanız buna da iş verin".
Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini də sifariş etdim. Bütün bunların pulun ödəmişəm".
H.Xəlilov ifadəsində 2015-ci ildən təqsirləndirilən şəxsin ondan pul tələb etdiyini deyib: "Bir gün zəng elədi ki, gəl görüşək. Sənin mənə borcun var. Daha sonra məktub gəldi ki, mənim ona 1 milyon borcum var. Mənim işlərimi görmək üçün kredit götürüb ödəyə bilmir".
O, sonradan təqsirləndirilən şəxslə görüşdüyünü qeyd edib: "Görüşəndə mənimlə çox aqressiv danışırdı. Üstümə bıçaq çıxardı və borcu olan pulu ödəməyimi istədi. Sonradan mənimlə bağlı araşdırma aparılmasını istəyib. Yoxlandı gördülər ki, təmizəm".
Hikmət Xəlilov təqsirləndirilən Vahid Xələfovun 2016-cı ildə onun bağ evinə hücum etdiyini deyib: "Bir axşam bağ evimdə mühafizə zəng etdi ki, evə hücum ediblər. Bütün hadisələrin video görüntüsünü polisə verdim. Daha sonra mənə zənglər etməyə, SMS-lər göndərməyə başladı. Mənə hədə- qorxu gəlirdi. Deyirdi ki, əlimdə sənədlərin var. Mən də dedim ki, sənəd var, hara istəyirsən apar ver".
Zərərçəkmiş Vahid Xələfovun iki dəfə onun maşınının qabağını kəsdiyi bildirib: "Keçən il maşınımın qabağını kəsdi. Başladı dalaşmağa. Dedi ki, 250 min ver borcunu bağlayım. Bu ilin aprelin 6-da yoldaşımla maşında gedəndə qabağımızı kəsdi. Əlində dəmir vardı. Düşdü maşından bizə tərəf gəldi. Sonradan belindən tapança çıxardı. Qışqırırdı ki, düş maşından 1 milyon manat borcumu ver. Yoldaşım qışqıranda oyandım. Qaza basdım getdim".
Təqsirləndirilən şəxs Vahid Xələləfov zərərçəkmiş Hikmət Xəlilova cavab olaraq onun 3 yox, 12 sifarişini icra etdiyini deyib.
Daha sonra hakim Azad Məcidov təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədlər içində Hikmət Xəlilovun ona 4 milyon manat və 324 min dollar borcu olduğunu qeyd edib.
Məhkəmə iclası oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Vahid Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə tələb olunan pul 4 milyon 600 min manatdır./APA