Yetkinlik yaşına çatmayanlar (on səkkiz yaşınadək olan şəxslər) barəsində fərdi profilaktik iş dedikdə, sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasiyası və (və ya) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması üzrə fəaliyyət başa düşülür.
Baş Prokurorluqdan Stopnarkotik.az-a bildirilib ki, sşağıdakı yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş aparılır:
1. baxımsızlar və kimsəsizlər;
2. çətin tərbiyə olunanlar, avaralıqla, dilənçiliklə məşğul olanlar, əxlaqsız həyat tərzi sürənlər, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayanlar və ümumi orta təhsildən qərəzli şəkildə yayınanlar;
3. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər;
4. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş on altı yaşı tamam olanlar;
5. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş, lakin inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;
6. tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilərək islah olunması mümkün hesab olunmaqla cinayət məsuliyyətindən və ya cəzadan azad edilənlər;
7. cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;
8. haqqında həbs istisna olmaqla, qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxslər;
9. amnistiya və ya əfvetmə aktı əsasında, yaxud şərti olaraq vaxtından əvvəl cəzadan azad edilənlər;
10. cəzaçəkmə müəssisələrindən buraxılanlar;
11. müəyyən müddətə azadlıqdan məhrumetmə istisna olmaqla, digər cəza növlərinə məhkum olunanlar.
Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə və ya onların davranışına mənfi təsir göstərdikdə, yaxud onlarla qəddar rəftar etdikdə valideynlər və ya digər qanuni nümayəndələr barəsində də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr fərdi profilaktik iş aparır.
Qeyd:
1. Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan – baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayandır.
2. Sosial təhlükəli vəziyyətdə olan ailə - uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə. Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və (və ya) saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və (və ya) onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailədir.
Stopnarkotik.az