"Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq" - NAZİR

Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70%-də süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır.

Stopnarkotik.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O bildirib ki, növbəti 3 ildə süni intellektə yönəlik tədqiqat işlərində 50%-lik artım olacağı planlaşdırılır:

"Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb. Biz trendlə ayaqlaşmağa çalışırıq. Biz növbəti 3 il ərzində süni intellekt ilə bağlı tədqiqat işlərində 50%-lik artım gözləyirik. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Ümumilikdə, universitetlərin 70%-də süni intellektə yönəlik tədris aparılması planlaşdırılır.Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq", - deyə nazir bildirib.

O qeyd edib ki, dövlət orqanlarının 35%-i ilə təmas tam olaraq rəqəmsallaşdırılıb.

"Bu addım insanların vaxtına qənaət etməsinə və karbon emissiyasını azaltmağa yönəlib".

Nazir əlavə edib ki, Bakı şəhərinin rəqəmsal əkizi yaradılır.

"Bununla bağlı 6 milyon data-point daxil edilib. 47 milyondan çox tranzaksiyanı koordinasiya etmişik. Bunların hər biri heç bir kibertəhlükə olmadan həyata keçirilib".