UKRAYNAYA “TOMAQAVK”, PUTİNƏ GERİ ÇƏKİLMƏK ŞANSI... - Yeni raketlər yeni gerçəklik yaradacaqmı?

Son günlər Ukrayna müharibəsilə bağlı əsas gündəm mövzusu ABŞ-nin Kiyevə “Tomaqavk” raketlərini verəcəyinə dair məlumatlardır.

Hadisələrin gedişi göstərir ki, Ukraynaya yeni silahların ötürülməsi strategiyası hələ Co Bayden dövründən əsası qoyulan tərzdə həyata keçirilir. Yəni, əvvəl yeni və əvvəlkilərlə müqayisədə daha güclü, təsirli silahın veriləcəyi ilə bağlı mətbuata məlumat sızdırılır. Sonra ABŞ administrasiyası səviyyəsində bu məlumatlar “nə təsdiq, nə də təkzib” olunur. Daha sonra bunun nə zamansa ediləcyi mümkün sayılır. Nəhayət, sonda həmin silah artıq Ukraynada istifadə olunmağa başlayır. “HİMARS”-lardan tutmuş “F-16”-lara və “ATACMS” raketlərinin ötürülməsinə qədər eyni strategiya aparılıb. Bu gün isə həmin ssenari “Tomaqavk”-ların üzərində işləni

Lakin “Tomaqavk”-ların verilməsi bu müharibədə keyfiyyətcə daha böyük bir sıçrayış ola bilər. Uçuş məsafəsi versiyasından asılı olaraq 1600-2500 km arasında dəyişən bu raketlər Ukraynaya veriləndən sonra 2000-ə yaxın Rusiya hərbi obyekti zərbə məsafəsində olacaq. Bununla Ukrayna Rusiya ordusunu silahla təmin edən və onun hücum əməliyyatlarına dəstək verən arxa mövqelərini hədəf alaraq onun cəbhədəki əməliyyatlarını poza bilər.

Bu arada sözügedən raketlərin Kiyevə hansı formada veriləcəyini “The Telegraph” nəşri açıqlayıb. Daha doğrusu, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bununla bağlı qəzetə danışıb. Nəşr qeyd edir ki, Çernev parlamentdə Ukraynanın silah təchizatı məsələləri ilə bağlı "hərtərəfli məlumatı olan çox kiçik bir qrupun üzvüdür”.

Çernev qəzetə deyib ki, Amerikanın “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsi aylar çəkəcək. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Ukrayna ordusunun onlarla Rusiyadakı hədəfləri vurmasına dərhal icazə verməyə bilər.

Çernevin sözlərinə görə, bir neçə mümkün ssenari var: Tramp fikrini dəyişə və raketlərin tədarükündən imtina edə, ya da onların ötürülməsini təsdiqləyib, istifadəsini qadağan edə bilər. O, həmçinin yalnız müəyyən hədəflərə zərbələr endirməyə icazə verə bilər: "Bu mərhələlərin hər birində Putinə geri çəkilmək və danışıqlar aparmaq imkanı verilir. Ona görə də raketlərin tədarükü və istifadəsi çox güman ki, çox mərhələli olacaq".

Ukrayna rəsmisi qeyd edib ki, əgər raketlər verilsə, əvvəlcə onların sayı az olacaq. Sonra ABŞ Kremlin reaksiyasını gözləyəcək. Əgər reaksiya olmasa, yəni, Putin “yola gəlməsə”, təzyiqlər güclənəcək: “Nəhayət, müəyyən müddətdən sonra bütün məhdudiyyətlər aradan qaldırılacaq”.

Beləliklə, göründüyü kimi, raketlərlə bərabər, Putinə geri çəkilmək və ciddi danışıqalar aparmaq, nəhayət, müharibəni dayanndırmaq şansı verilir. Əgər Kreml yenə baş verənlərə məhəl qoymasa, o zaman Ukraynaya daha təsirli silahdan istifadə imkanı veriləcək.

Qeyd edək ki, bir gün əvvəl Tramp “Tomaqavk”ların Ukraynaya çatdırılması ilə bağlı “demək olar ki, qərar qəbul etdiyini” bildirmişdi. Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, uzaqmənzilli silahları ötürməzdən əvvəl Kiyevin onlardan necə istifadə etmək niyyətində olduğunu müəyyən etmək istəyir.

Putin isə bundan əvvəl xəbərdarlıq etmişdi ki, belə bir addım Moskva ilə Vaşinqton arasında münasibətlərin “dağılmasına” gətirib çıxaracaq və eyni zamanda eskalasiyanı “keyfiyyətcə yeni mərhələyə” daşıyacaq. O, Amerika hərbçilərinin birbaşa iştirakı olmadan Ukrayna qüvvələrinin raketlərdən istifadə edə bilməyəcəyini vurğulayıb. Eyni zamanda, Putin raketləri vurmağa və “hava hücumundan müdafiə sistemimizi təkmilləşdirməyə” hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, qanadlı raketlər "döyüş meydanında qüvvələr balansını heç bir şəkildə dəyişməyəcək" çünki Ukrayna ordusunun şəxsi heyətin artırılması ilə bağlı problemləri var.

Bir sözlə, Putin “Tomaqavk”-dan da “qorxmadığını” göstərməyə çalışır. Baxmayaraq ki, Kreml sahibinin fəxrlə danışdığı Rusiya HHM sistemləri nəinki bu cür müasir silahları, Ukraynanın aşağı sürətlə, ləng uçan nisbətən primitiv PUA-larını belə vuirmaqda çətinlik çəkir və bu səbəbdən Rusiyanın neftayırma zavodlarının az qala yarısı bu PUA-ların hədəfi olub.

Bütün bunların fonunda ötən gün Sankt-Peterburqda Rusiya hərbi komandianlığı ilə görüşən Vladimir Putin yenidən özünə və ətrafına “təskinklik verib”. O iddia edib ki, 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamaq qərar “düzgün və vaxtında verilmiş” qərardır. Putin öz çıxışında Rusiyanın “bütün təmas xətti boyunca irəlilədiyi” tezisini təkrarlayıb. O, həmçinin Ukraynanın “Rusiya ərazisinin dərinliklərində tamamilə dinc hədəflərə” zərbələr endirməsindən şikayətlənib. Baxmayaraq ki, Rusiyanın özü hər gün Ukrayna ərazisində insan tələfatları ilə müşayiət olunan hərbi cinayətlər törədir, durmadan mülki obyektləri, yaşayış binalarını bombalayır. 

Bundan əlavə, Putin fəxrlə deyib ki, 2025-ci ildə Rusiyanın Ukrayna ərazisinin 4900 kvadrat kilometrini ələ keçirib. Qeyd edək ki, Putinin dediyi 4900 kvadrat kilometr Ukrayna ərazisinin cəmi 0.8 faizidir və “dünya lideri” olan Rusiyanın, onun “möhtəşəm” ordusunun bir il ərzində(!) nail olduğu bu göstərici ilə öyünməsi olduqca yersiz görünür./azpolitika.info