UKRAYNA VƏ İRAN NÜVƏ SİLAHI YARADIR - Türkiyə də nüvə silahı yaradacağını elan edəcək...

Əsas media qurumlarının gərəkli diqqəti yetirmədiyi çox təhlükəli bir proses yaxın ətrafımızda səssizcə davam edir. Qısa zamanda həm Ukraynanın, həm də İranın nüvə silahı əldə edəcəyi ilə bağlı cox ciddi məlumatlar var.

˝The Times˝ qəzeti Ukraynanın cəmi bir neçə ay ərzində ˝sadə atom bombası˝ yaratmaq gücündə olduğunu yazıb. Sadə bomba ABŞ-nin Xirosinaya atdığı ˝Gombul adam˝ (Fat Man) tipli bombalara deyilir.

İlk dəfə ˝Ukrayna bombası˝ məsələsi bir neçə ay öncə V. Zelenskinin D.Trampla görüşü zamanı gündəmə gətirilmişdi. ˝The Times˝ isə Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanmış rəsmi hesabata istinad edir. Hesabatda yer alan materiallara görə, ukraynalı mütəxəsislər AES-lərdə istifadə olunan plutonium maddəsindən istifadə edərək qısa müddətə sadə bomba yarada bilər. Bunun üçün sadəcə Kiyevin qərarı yetərlidir.

Maraqlı olan bütün tərəflər etiraf edir ki, qısa müddətdə Ukraynanın atom bombası yaratması təxniki cəhətdən mümkündür. Bu barədə keçmiş Rusiya prezidenti D. Medvedyev də öz sosial şəbəkə hesablarında yazıb.

İranın da uzun illərdir Buşer AES-i fəaliyyət göstərir, deməli Tehran da texniki olaraq atom bombası yaratmaq potensialına sahibdir. Tehranın nüvə silahı iddialarının olduğu bilinən faktdır. Fars hakimiyyəti nümayəndələri açıq şəkildə ˝nüvə bombası yarada bilərik, bizə mane olan yalnızca Xamaneinin fətvasıdır˝ bəyanatları verirlər.

Atom silahının daha çox ölkənin əlinə keçməsi özlüyündə çox təhlükəkidir. Həm Ukraynanın, həm də İranın qaynar müharibə fazasında olmaları isə təhlükəni son dərəcə yüksəldir. Üstəlik, hər iki dövlət nüvə silahına sahib olan dövlətlə müharibədədir. Rusiya rəsmən nüvə klubunun üzvüdür. İsrailin isə nüvə silahına sahib olması ˝hamının bildiyi sirrdir˝.

Ukrayna və İranın atom bombası yaratmaları bütün dünyanı nüvə müharibəsi qiyamətinin bir addımlığına gətirəcək.

Adları çəkilən iki ˝namizəd˝ dövlətin atom bombası yaratmaq üçün motivləri fərqlidir.

Rusiyanın işğalı ilə üzləşən Ukrayna bir dövlət kimi məhv olmanın astanasındadır. Bu dövlət öz atom silahından imtina edib və bunun müqabilində aldığı qarantilər zibilə atılıb. Üstəlik, müttəfiqləri ukraynalılarn qanı üzərində Rusiyanı zəiflətmə oyununu qurublar.

Heç şübhəsiz, Ukraynanın əlində atom bombası qalmış olsaydı, Rusiya heç zaman bu dövlətə hücum etməzdi. Bu qədər qan töküldükdən sonra isə Ukraynanın nüvə silahı əldə etməsi, müharibəyə cəlb olunmuş bütün tərəfləri ağılagəlməz risqlərlə üz-üzə qoyacaq. Bir tək Ukraynadan başqa. Bu dövlət üçün ˝risq ölümdən daha yaxşıdır˝ məntiqi işləyir.

İran baxımından vəziyyət Ukraynadakından köklü şəkildə fərqlənir. İrana qarşı hər hansı böyük təhlükə yoxdur. Tam əksinə, fars rejimi özü region dövlətləri üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Tehran atom bombasını özünü qorumaq üçün deyil, geopolitik oyunlardakı təsir gücünü artırmaq üçün əldə etməyə çalışır.

İranın atom bombası əldə etməsi təkcə İsrail üçün də təhlükə deyil. İran bombası reallığa çevriləcəksə, bu, həmin anda Səudiyyə Ərəbistanı və Türkiyənin də nüvə bombası yaratmağa məcbur edəcək.

İran nüvə silahına sahib olduğu təsdiqləndiyi andan etibarən adları çəkilən hər iki dövlət nüvə silahı yaratmaq üçün inkar edilməz mənəvi haqq qazanacaqlar. Bu mənəvi haqq qarşısında heç bir beynəlxaq institut və ya super güc nə Ankara, nə Ər Riyada ˝bomba yaratma˝ basqısı edə bilməyəcək. Çünki, verilən sözlər tutulmur, qarantilər işləmir.

NATO çətiri söhbətləri ilə Türkiyənin başını qatmaq da artıq mümkünsüzdür. Burda bir məqama diqqət yetirək və R.T.Ərdoğanın hələ 2019 ildə gur səslə bəyan etdiyi ˝sizin atom silahınız varsa, bizdə niyə olmamalıdır?!˝ bəyanatını yada salaq. Həmin dövrdə sanballı qərb media orqanlarında ˝Türkiyənin atom bombası var, amma elan edilmir˝ tipli yazılar yer almışdı. Səudiyyə Ərəbistanı üçün isə kağız üzərində belə, nüvə çətiri yaradacaq qarantör ölkə yoxdur. Bu ölkənin də maddi imkanları nisbətən qısa müddətdə nüvə bombası yaratmaq üçün yetərlidir./azpolitika.info