Ukrayna Kurskda nə qədər ərazini ələ keçirib? - Aleksandr Sırski AÇIQLADI

“Bu əməliyyat müharibənin trayektoriyasını dəyişəcək”

Avqustun 6-dan başlayan Kursk əməliyyatı barədə susmağa üstünlük verən Ukrayna hərbi-siyasi rəhbərliyi nəhayət, bəzi məqamlara aydınlıq gətirib. Məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin 1000 kvadrat kilometrinə nəzarəti ələ keçirib.

Bunu Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski bəyan edib.

Ukrayna Prezidenti Volodimir Zelenski yanında keçirilən iclasda Sırski prezidentə Ukrayna hərbçilərinin Kursk vilayətinin bir neçə rayonunda “vəziyyətə nəzarət etdiyini” bildirib. Lakin general konkret ərazilərin adını çəkməyib. Zelenski isə sərhəd bölgəsini Rusiaynın zərbə və hücumlarından qorunmalı olduğunu deməklə kifayətlənib.

Adının çəkilməsini istəməyən Ukrayna hərbi rəsmisi jurnalistlərə bildirib ki, sialhlı qüvvələr Rusiay ərazisinin dərinliklərinə doğru düz xətt üzrə 30 kilometrə qədər irəliləyib. Rəsmi mənbələr isə təfərrüatları və ordunun yerini açıqlamır.

“Ukraynanın Kursk kampaniyası Rusiya ilə müharibədə onun trayektoriyasını dəyişə biləcək əsas məqamdır”.

Bu isə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) “Ukrayna və müasir müharibədə manevrin bərpası problemi” adlı təhlilində deyilir. Analitiklər qeyd edir ki, müharibə təbiətcə dəyişir və bu, dünyada bütün gələcək münaqişələrə təsir edəcək.

Hesabatda qeyd olunur ki, Ukrayna Kursk vilayətinə hücum edərkən Rusiyanın sərhədyanı bölgələrində hazırlığın olmamasından istifadə edərək “operativ gözlənilməzliyə” nail olub: “Bu kampaniya göstərdi ki, düşmənin hazırlıqlar və qüvvələrin cəmləşməsini müşahidə edə bildiyi, lakin niyyətini etibarlı şəkildə ayırd edə bilmədiyi müasir şəraitdə sürprizlər hələ də mümkündür”.

ISW hesab edir ki, Ukrayna rus qoşunlarının arxada böyük istehkamlar tikmədən, demək olar ki, bütün cəbhə xətti boyunca aylarla hücum etməsi faktından faydalana bilər. Analitiklər bəyan ediblər ki, Ukrayna tək həlledici zərbə endirməkdənsə, bir sıra kiçik, ardıcıl əks-hücumları planlaşdırıb həyata keçirməklə əməliyyat manevrini bərpa edə bilər./azpolitika.info

Bundan əlavə, ISW qeyd edib ki, Ukraynadakı müharibə ABŞ və onun müttəfiqlərinin öyrənməli olduğu mühüm dərslər verir. Bu münaqişə şübhəsiz ki, gələcək müharibəni xarakterizə edəcək bir sıra texnoloji hadisələrin şahidi oldu. Xüsusilə, mütəxəssilər raket və PUA-ların kütləvi və müntəzəm hücumlarına qarşı hava hücumundan müdafiə işini, limanda və dənizdə əsas yerüstü hədəfləri məhv etmək üçün müxtəlif növ PUA-ların, o cümlədən dəniz qüvvələrinin kütləvi şəkildə cəlb edilməsini vurğulayırlar.

Analitiklər qeyd edirlər ki, Kursk vilayətində olduğu kimi, döyüş meydanındakı təcrübələr vacibdir: "Bu yanaşma müdafiədə ilişib qalmaq təhlükəsi ilə ziddiyyət təşkil edir və müasir müharibədə daimi uyğunlaşma ehtiyacını vurğulayır".