Türkmənistan Aİ-yə qaz tədarük etməyə hazırdır

Türkmənistan bəyan edib ki, Aİ-yə qaz tədarük etməyə hazırdır. Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin prezidenti açıqlama verib.   

“Energetika sektorunda böyük potensial var və ona qarşılıqlı maraq bu gün artır... Türkmənistan təbii qazın tədarükü məsələsində avropalı tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırdır. Məqsədə gedən yollardan biri transxəzər marşrutunun həyata keçirilməsidir”, deyə Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov “Euronews” telekanalına müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, Xəzər dənizində sualtı infrastrukturun yaradılması sahilyanı dövlətlərin iqtisadi tələblərinə cavab verir. Bu da öz növbəsində enerji resurslarının istehsalçılarının, istehlakçılarının və tranzit ölkələrinin maraqlarının bərabər nəzərə alınmasını tələb edir. “Bütün bunlar son nəticədə Avrasiya məkanında enerji təhlükəsizliyinin və sabitliyin qorunmasında əsas amilə çevriləcək”, deyə Berdiməhəmmədov vurğulayıb.

Stopnarkotik.az