TÜRKİYƏDƏ MƏRC OYUNLARI: Siyahıda millimizin keçmiş oyunçuları da var

Azərbaycan millisinin formasını geyinmiş Mərd Çelik futboldan kənarlaşdırılıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Həmçinin Azərbaycan millisinin daha iki keçmiş futbolçusu - Əmrə Kaplan və Murad Cem Akpınar da eyni səbəbdən 45 günlük futboldan diskvalifikasiya ediliblər.

Bundan əlavə, "Qalatasaray" klubundan Ərən Almalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.

Məlumata görə, Ə.Almalı 45 gün, M.Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mərd Çelik Azərbaycanda "Neftçi" və "Səbail"də də çıxış edib. Əmrə Kaplan Azərbaycanın U-19, U-21, Murad Cem Akpınar isə U-17 millisində forma geyiniblər.