Türkiyənin xarici ticarətində rekord kəsirin qeydə alınması dollar/lirə kursunun yüksəlməsinə səbəb olur.
Stopnarkotik.az xəbər verir ki, 2023-cü ilin aprelində xarici ticarətdə yaranan kəsirin məbləği 42,1 faiz artaraq 6,147 milyard dollardan 8,738 milyard dollara yüksəlib. Yanvar-aprel ayları ərzində isə ticarət kəsiri 33 faiz artaraq 32,7 milyard dollardan 43,444 milyard dollara çatıb. Mövcud kəsirin məbləği Türkiyə üçün rekord göstərici hesab olunur. Belə böyük kəsirin yaranması ixracın azalması, əvəzində isə idxalın artması hesabına baş verib. Türkiyənin 4 aylıq ixracı 3 faiz azalaraq 80,87 milyard dollara düşüb, idxal 7,1 faiz artaraq 124,3 milyard dollara çatıb.
İdxalın artması hesabına ixracın idxalı ödəmə nisbəti də kiçilib. Ötən ilin ilk 4 ayında ixrac idxalın 72 faizi qədərində olduğu halda, bu il 65 faizinə bərabər olub.
Türkiyənin xarici ticarətində yaranan acınacaqlı vəziyyət milli valyuta olan lirəni dəyərsizləşdirir. Türkiyə Mərkəzi Bankında dollar/lirə kursu 20,4-ə yüksəlib. Amma kommersiya banklarında vəziyyət tam fərqlidir. Türkiyənin ən böyük kommersiya bankı olan “YapıKredi”də dollar almaq istəyənlər 22,24 lirə ödəməlidir. Bu banka dollarını satmaq istəyənlər isə 20,38 lirə alacaqlar.
Alışla satış arasında 9-10 faiz fərqin olduğu görünür. Məzənnədə fərqin bu qədər böyük olmasının səbəbi bazarlarda lirənin ucuzlaşacağına dair gözləntinin yüksək olması ilə bağlıdır. Böyük ehtimalla xarici ticarətdə kəsir böyüdükcə lirə ucuzlaşacaq və tezliklə dollar/lirə kursu 21, sonra 22 və daha yüksək səviyyəyə çatacaq.
Lirənin ucuzlaşması Türkiyədə bahalaşmanı bir qədər də gücləndirəcək və əhalinin alıcılıq qabiliyyəti daha da zəifləyəcək./sfera.az