13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib. Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib.
***09:36
Tərtər rayonunun Seydimli kəndində məktəbdə insident baş verib.
Hadisə zamanı 2008-ci il təvəllüdlü Ayaz İsayev sinif yoldaşının atası – Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
İlkin məlumata əsasən, A.İsayev bir müddət əvvəl sinif yoldaşı ilə mübahisə edib və aralarında dava olub. Daha sonra şagirdlər dərsdə olarkən həmin şəxsin məktəbə gələrək sinif otağına daxil olduğu və Ayaz İsayevə yumruqla xəsarət yetirdiyi bildirilir.
Zərbənin nəticəsində A.İsayevin burunu qırılıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”./trend

