"Transneft" şirkətinin vitse-prezidenti Andrey Bədəlovun meyiti tapıldı - PƏNCƏRƏDƏN ATIBLAR?

Rusiyanın enerji sektorunda mühüm fiqurlardan biri sayılan “Transneft” şirkətinin vitse-prezidenti Andrey Badalovun müəmmalı ölümü ölkə ictimaiyyətində ciddi rezonans doğurub. Yerli KİV-lərin yaydığı məlumata görə, Badalov bu gün səhər saatlarında Moskvanın Rublovka şossesində yerləşən mənzilinin pəncərəsindən yıxılaraq həyatını itirib.

“Mash” Teleqram kanalının məlumatında qeyd edilir ki, hadisə yerinə istintaqçılar cəlb olunub və ilkin araşdırmalara başlanılıb. Ölümün intihar, qəza və ya üçüncü şəxslərin müdaxiləsi nəticəsində baş verməsi versiyaları istisna edilmir. “İstintaq orqanları hazırda hadisənin bütün mümkün ssenarilərini araşdırır”, – deyə məlumatda bildirilir.

Məlumata görə, Andrey Badalov “Transneft”in vitse-prezidenti vəzifəsində 2021-ci ildən çalışırdı. Ondan əvvəl isə “Voxod” Elmi-Tədqiqat İnstitutunda çalışdığı qeyd olunur. Onun peşəkar fəaliyyəti daha çox texniki və strateji infrastruktur layihələri ilə bağlı olub.

Badalovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama hələlik verilməyib. Lakin ölkənin iri dövlət korporasiyalarından birində yüksək vəzifə tutmuş şəxsin belə şəraitdə vəfat etməsi bir sıra suallar doğurur. Rusiyanın iri neft-nəqliyyat sisteminə nəzarət edən “Transneft”in rəhbərliyində baş verən bu itki, həm də korporativ sabitliyə təsir edə biləcək amillərdən biri kimi qiymətləndirilir.

Xatırladaq ki, son illərdə Rusiya biznes elitası və dövlət strukturlarında çalışan şəxslərin müəmmalı ölümləri ilə bağlı bir neçə oxşar hadisə baş verib. Andrey Badalovun ölümünün bu kontekstdə araşdırılıb-araşdırılmayacağı isə hələlik məlum deyil./azpolitika.info