Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.
***13:55
Xəbər verdiyimiz kimi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Stopnarkotik.az TƏBİB-ə istinadən xəbər verir ki, saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.
***11:59
"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
***11:39
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.