"UFC-dən də təklif gəlmişdi. İmtina etməyimin səbəbi qonorarın az olmasıdır.
Stopnarkotik.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev deyib.
"Global Fıght League" ilə müqavilə imzalayan 35 yaşlı idmançı bir il ərzində bu təşkilatda 3-4 görüş keçirmək istədiyini bildirib:
"Bu, ABŞ-nin təşkilatıdır. Yeni qurulub. Maraqlı olacağını düşünürəm. İlk qarşılaşmam apreldə baş tutacaq. Rəqib hələlik bəlli deyil. İlk döyüş Dubayda, ikinci isə Braziliyada olmalıdır. Dünyanın ən məşhur idmançılarından bir neçəsini artıq cəlb ediblər. Müqavilədəki məbləğ də normaldır. Mütləq Döyüş Çempionatı (UFC) ilə rəqabət aparmaq istəyirlər. UFC-nin sabiq çempionları da bu qurumla müqavilə imzalayıblar".
T.Musayev UFC-dən də təklif aldığını söyləyib:
"İmtina etməyimin səbəbi qonorarın buradakından az olmasıdır. UFC-nin adı və reklamı var. Qonorar sərf etmədiyi üçün ora getməyə dəymir".
Qeyd edək ki, Tofiq Musayev daha əvvəl "Rizin" və "Bellator"da mübarizə aparıb.