“Təmənnalı bəraət”, yoxsa qanunsuz saxlanılma… - NARKOTACİRLƏR MƏHKƏMƏDƏ NECƏ “SUÇSUZ” OLUR?

Son vaxtlar narkotiklərin qeyri-qanuni dövriyyəsi ittihamı ilə saxlanılan şəxslərin bəraət almasına tez-tez rast gəlirik. Bu hal ilk baxışdan onların həbs edilərək qanuna təslim edilməsinin üstünə kölgə salır. Belə mənzərə yaranır ki, həmin şəxsləri cinayət başında ələ keçirən polislə onları bəraətlə həbsdən azadlığa buraxan məhkəmə orqanlarının iş prinsipləri bir-biri ilə daban-dabana ziddir. Yəni polisin vəzifəsi cinayətkarı yaxalamaqdırsa, məhkəmənin, hakimlərin vəzifəsi ittiham işini araşdırıb, hökm çıxarmaqdır.

Stopnarkotik.az saytında bu qəbildən olan çox sayda yazı dərc edilib. Əslində, bu kim hallara son vaxtlar təcrübədə heç də az rast gəlinmir. Məsələn, son olaraq Nəsimi Rayon Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verdi. Söhbət ondan gedir ki, məhkəmənin çıxardığı hökmlə Niyaz Şərifova Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə bəraət verildi və o, məhkəmə zalındaca həbsdən azad edildi. Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib  və sübutlar yenidən dəyərləndirilib. Nəticədə N.Şərifovun cinayət törətməsinə dəlalət edən hər hansı faktın olmadığı müəyyənləşib.  

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Şərifov ötən ilin 8 iyun tarixindən həbsdə saxlanılırdı. Qanunvericiliyə əsasən, onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var.

Burada sual doğuran bir neçə məqam var. Əslində, bu ittihamla həbs olunan şəxslərin bəraət alaraq azadlığa çıxmasına münasibət bildirən hüquq müdafiəçiləri deyirlər ki, qanun müstəvisində verilən azadlıq hökmü məntiqlidir. Lakin bir əmma var, vəkilin verdiyi vəsatətlərlə sübutlar yenidən dəyərləndirilə bilirsə, yetərli sübut olmadan, cinayət törətməyə dəlalət edən hər hansı faktın yoxluğu halında insan necə barmaqlıq arxasına düşə bilir?

Digər tərəfdən, qanunvericiliyə əsasən, haqsız yerə həbsdə saxlanıldığı müddət üçün vətəndaşın təzminat davası açmaq hüququ olduğu halda, nə üçün indidəyədək narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbsə düşən və bəraət alan şəxslərdən heç birinin bu təzminat davası açmasına rast gəlinməyib. Bu da haqsız ittihamla həbsə düşmələrinə rəğmən, saxlanılmasına etiraz etməyi ağlına gətirməyən şəxslərin hansısa təmənna qarşılığında azadlığa çıxmaları haqda şübhə yaradır. Əlbəttə, istisnaları nəzərə almasaq.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az