“Biz özəl sektorun cəzaçəkmə müəssisələri ilə daha yaxından işləməsinin tərəfdarıyıq”
Ombudsmanın 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqda illik məruzəsində açıqlanan məlumatlara görə, cinayət törətmiş, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı getdikcə artmaqdadır. Belə ki, bu rəqəm 2020-ci ildə 2859, 2021-ci ildə 4374 olub, 2022-ci ildə isə 5127 nəfərə çatıb. Bildirilib ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Bəs, təkrar cinayətkarlığı yaradan səbəblər nələrdir və onların aradan qaldırılması istiqamətində hansı işlər görülməlidir? Bu yöndə sualları Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının еkspеrti, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevə ünvanladıq.
- Əliməmməd bəy, parlamentdə Ombudsmanın adından elan olunan məruzədə bildirildi ki, 2023-cü ildə cinayət hadisələri, eləcə də təkrar cinayətkarlıq xeyli sayda artıb. Sizcə, cinayətkarlığı yaradan səbəblər nədir və onların aradan qaıldırılması istiqamətində hansı işlər görülməlidir?
- Dünən (srağagün – red.) Milli Məclisdə Ombusdmanın – İnsan hüquqları üzrə vəkilin 2023-cü il üzrə məruzəsi dinlənildi. Orada çox maraqlı təkliflər, tövsiyələr səsləndirildi. Sizin toxunduğunuz məsələlərlə əlaqədar qeyd etməliyəm ki, təkrar cinayətkarlığın artması narahedici məsələdir. Cinayətin təkrar törədilməsi o deməkdir ki, bütövlükdə bunun üçün münbit şərait var. Eyni zamanda, ümumiyyətlə cinayətkarlıq özü sosial bir hadisədir. Ona görə də, hər şeydən əvvəl bunun sosial köklərini araşdırmaq lazımdır. Orada təbii ki, cinayətkarlıq daha çox sosial problemlərlə idarə edilməlidir. Bu baxmdan, vacib məsələlərdən biridir ki, sosial sahədə islahatlar daha da dərinləşməlidir. İlk növbədə məşğulluqla bağlı məsələlərə diqqət yetirlməlidir.
Cinayət etmiş şəxslərin Penitensiar Xidmət tərəfindən azadlığa hazırlanması istiqamətində müəyyən işlər həyata keçirilir. Və burada da mühüm irəliləyişlər var. Xüsusilə də son illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyində dəyişikliklər edilməsindən sonra bu sahədə çox mühüm fəaliyyətlər genişlənməkdədir, islahatlar prosesi gedir. İlk növbədə məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində addımlar atılır. Yeni və cəmiyyətin daha çox ehtiyacı olan peşələrin öyrənilməsi istiqamətində müvafiq işlər görülməkdədir. Şübhəsiz ki, islaha əsas təsir göstərən əməkdir, məşğulluqdur, ətraf mühitlə əlaqədir, yəni onun ailə əlaqələrinin gücləndirilməsidir. Bu istiqamətdə bir çox işlər görülür. Yeni cəzaçəkmə müəssisələrinin, hibrid cəzaçəkmə müəssisələrinin istifadəyə verilməsi maksimum Avropa penitensiar qaydalarına və yaxud BMT-nin penitensiar qaydalarına uyğun işlərin qurulmasına gətirib çıxarır. Ələlxüsus, yaxın qohumlarla əlaqələrin qurulmasının geniş miqyas alması istər-istəməz şəxsin mülki həyatdan ayrılmasının, təcrid olunmasının qarşını alacaq. Çünki məhbus nə qədər yaxın qohumlarla, ətraf mühitlə əlaqədə olarsa, onun həbsxana, sülh mədəniyyətinə yiyələnməsi bir o qədər rahat olacaq. Çünki daimi ətraf mühitlə, icma ilə əlaqə buna təsir edir.
Digər mühüm məsələlərdən biri də məşğulluğun artırılmasıdır. Hal-hazırda məhkumların məşğulluq məsələsi 14 faizdən 28 faizə qədər artmışdır. Bu, mühüm rəqəmdir. Bu istiqamətdə hökumət ciddi vəsait ayırmır. Amma, eyni zamanda, burada hökumətin də qərarı vardır. Bütün bunlara baxmayaraq, əhəmiyyətli işlər görülür və irəliləyişlər var. Bu o deməkdir ki, məhkumlar yeni əmək vərdişlərinə yiyələnir, mövcud olan əmək vərdişlərini unutmurlar. Gələcəkdə, azadlığa çıxanda da müəyyən əmək vərdişləri onlara imkan verəcək ki, tez zamanda iş tapsınlar. Eyni zamanda, başqa bir məsələ də bununla bağlıdır ki, onlar sosial baxımdan özlərini atılmışlar sırasında görməyəcəklər. Yəni onların lazımlılığı məsələsi olacaq ki, onlara ehtiyac var. Ailələri də onların müəyyən peşələrə yiyələndiyini, iş tapdığını görərək, onlara ənənəvi münasibətdən çəkinəcəklər. Çünki azadlıqdan sonra onların ailədə qəbul edilməsi məsələsi var.
Digər tərədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhbusların azadlığa çıxmasına üç ay qalmış onlarla bağlı müvafiq tədbirlər həyata keçirir. Keçmiş məhbusların ehtiyacları ödənir, onlar qeydiyyata alınaraq azadlığa çıxandan sonra işlə təmin olunması istiqamətində ciddi addımlar atılır. Həmçinin, azadlıqdan məhrum edilmiş şəxslərin yenidən kriminal əməl törətməsinin qarşısının alınması üçün onlara minimal əmək haqqının dörd misli qədər müavinətlər verilir. Bu, Penitensiar Xidmətin etdikləri ilə bağlı məsələdir.
Əlbəttə, kriminal vəziyyətə təsir göstərən amillərdən biri də, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələdir. Hesab edirəm ki, hüquq-mühafizə orqanlaırnın bu istiqamətdə fəaliyyəti müsbətdir. Deyirlər, cinayətlərin sayının artması bir tərəfdən əhalinin sayının artması ilə bağlı məsələdir, ikinci tərəfdən hüquq-mühafizə orqanlarının peşəkarlığının göstəricisidir. Çünki cinayətin açılma dərəcəsi yüksəldikcə, bu, özünü müvafiq statistikada göstərir. Deməli, bu, hüquq-mühafizə orqanlarının - DİN-nin, Prokurorluq orqanlarının, həmçinin DTX-nın, gömrük orqanlarının və digərlərinin peşəkarlığının göstəricisi kimi qiymətləndirilə bilər. Bizdə cinayətlərin açılması faizi orta hesabla 84-87 faizdir və Avropa ölkələri arasında demək olar ki, ən yüksəkdir. Bu, həm DİN-nin, həm Prokurorluq orqanlarının fəaliyyətinin nəticəsidir. Eyni zamanda, hüquq-mühafizə orqanları daha çox baş vermiş cinayət hallarının aradan qaldırılması istiqamətində fəaliyyət həyata keçirən təşkilatlardır. Amma cinayət bura qədər baş verir.
Azərbaycan cəmiyyətində ali təhsil alanların sayı 17-18 faizə qədərdir. Orta hesabla cəmiyyətin 74 faizi ali təhsilə malik olmayan insanlardır. Bu da Cənubi Qafqazda ən aşağı göstəricilərdən biridir
- Bəs cinayəti yaradan amillər nələrdir?
- Perventiv, önləyici tədbirlər çox əhəmiyyətlidir. Bu, artıq digər qurumların üzərinə düşən bir məsələdir. Bunu hüquq-mühafizə orqanlarının üzərinə qoymaq düzgün deyil. Hüquq-mühafizə orqanları sadəcə nəticəni aradan qaldırırlar. Amma burada cinayətə aparan şəraitin aradan qaldırılması lazımdır. Hər bir şəxsin cinayət törətməsi onun ailədə tərbiyə olunması, məktəbdə təhsilin vəziyyəti, eyni zamanda məşğulluqla bağlıdır. Bütün bu amillər cinayətkarlığa təsir edir. Əgər ailədə münaqişə baş verirsə, yaxud ailə üzvləri arasında nəzarət, münasibət sistemi yoxdursa, şübəhsiz ki, bu, gec-tez o ailədə böyüyən şəxsin kriminalın təsirinə düşməsinə gətirib çıxaracaq. Çünki, ilk növbədə ailədə vəziyyətə baxmaq lazımdır.
Digər tərəfdən, bu, həm də məktəbədə təlim-tərbiyə ilə bağlı məsələdir. Bunlar bir-birinə sıx bağlıdır. Çünki təlimin tamamlanması məktəbdə baş verir. Tərbiyənin bir tərəfi ailədə, digər tərəfi məktəbdə baş verir. Müasir təhsil sistemimiz çoxsaylı insanların ali təhsil almasına, peşəyə yiyələnməsinə imkan verirmi? Daha sonra ali təhsilin vəziyyəti... Azərbaycan cəmiyyətində ali təhsil alanların sayı 17-18 faizə qədərdir. Orta hesabla cəmiyyətin 74 faizi ali təhsilə malik olmayan insanlardır. Bu da Cənubi Qafqazda ən aşağı göstəricilərdən biridir. Ali təhsil, peşə təhsili həm də ona gətirib çıxarır ki, insanlar gələcəkdə ehtiyaclarını müvafiq peşələrə yiyələnməklə ödəmək imkanına sahib olur. Yəni rəqabət imkanlı bir insanın yaradılması çox vacibdir. Onun əmək bazarında rəqabəti artırması çox önəmlidir. Eyni zamanda, iş yerlərinin yetərli qədər olması.
Əgər 6 milyona yaxın əmək qabiliyyətli insan varsa, onun 1,7 milyonu işləyirsə, bu o qədər də yüksək göstərici deyil. Bu istiqamətdə düşünmək lazımdır. Bunlar kriminogen duruma təsir göstərir
Kriminogen vəziyyətə özəl sektorun və bütövlükdə işgüzar mühitin durumu da təsir göstərir. Nə qədər iş yeri var və bu iş yerlərinə nə qədər insan müraciət edə bilər? Göstəricilərə görə, yoxsulluğun səviyyəsi Azərbaycanda 4 faizdir. Bu çox aşağı göstəricidir. Əgər 6 milyona yaxın əmək qabiliyyətli insan varsa, onun 1,7 milyonu işləyirsə, bu o qədər də yüksək göstərici deyil. Bu istiqamətdə düşünmək lazımdır. Bunlar kriminogen duruma təsir göstərir.
Şübhəsiz ki, vacib məsələlərdən biri də maarifçilikdir. Bu, hüquqi biliklərin, hüquqi dünyagörüşün güclənməsi, bütövlükdə vərdişlərlə, davranış mədəniyyəti ilə bağlı məsələlərdir. Ona görə də, təkrar cinayətkarlığın olmasında sadalananlar bir-birini qarşılıqlı şərtləndirən məsələlərdir. Kompelks tədbirlər vacibdir. Bu istiqamətdə addımlar atılır. Dövlət proqramının qəbulu, onun icrası məsələsi var.
Bilirisiniz ki, 44 günlük müharibədən sonra Qarabağda böyük quruculuq işləri gedir. Bu, məşğulluq problemlərinə də kömək edəcək, yeni sahələrin yaradılmasına, iqtisadiyyatın böyüməsinə təkan verəcək, bütövlükdə iqtisadi vəziyyətin yaxşılaşmasına gətirəcək. Bu da kriminogen duruma yaxşı təsir edəcək, müsbət meylləri gücləndirəcək.
- Siz hüquqi maarifçiliyə toxundunuz. Bu proses necə, harada aparılmalıdır? Məktəbləri nəzərdə tutursunuz?
- Hüquqi maarifçilik həm ailədə, həm də məktəbdə başlamalıdır. Həm KİV-lərdə, həm sosial şəbəkələrdə getməlidir. Vətəndaş cəmiyyəti seqmentlərində, media seqmentlərində aparılmalıdır. Hesab edirəm ki, ömürboyu gedən təhsil sisteminə keçmək lazımdır. Yaşlıların da təhsili var. Azərbaycanda təhsil haqqında qanunda bunlar var. Sadəcə, məsələ onun praktikasına gələndə çətinliklər yaranır. Hesab edirəm ki, ümumi hüquqi biliklərin təbliği ilə bağlı tədris davam etməlidir. Bu yalnız dissiplinaların tərkibində olmamalı, ayrıca, müstəqil olmalıdır. Eyni zamanda, KİV-lərdə təbliğ olunmalıdır. Çünki hüquq həyatımızın tərkib hissəsidir. Əlbəttə, istənilən bilik və bacarıqların alınması yalnız məktəblərdə olmamalıdır, işlədiyimiz yerlərdə də buna dair treyninqlərin aparılması vacibdir. Ömürboyu həm yeni əmək vərdişlərinə, həm yeni ixtisaslara yiyələnməklə bağlı daimi fəaliyyət olmalıdır. Bilirəm ki, dünyanın ayrı-ayrı ölkələrində bununla bağlı nümunələr var. Məsələn, Sinqapur nümunəsini deyim. Orada bütün təbəqələrdən olan şəxslərlə bağlı iş müəyyənləşdirilmişdir. Hətta sənin 80 yaşın varsa, bu zaman da sən özünə uyğun iş tapa bilərsən. Bu baxımdan, bizdə böyük bir konsepsiya hazırlanmalıdır.
Digər tərəfdən, ölkədə texniki təfəkkürün, riyazi təfəkkürün güclənməsi istiqamətində addımlar atılmalıdır. Elm tutumlu sahələrə diqqət yetirlməlidir. Xüsusilə, nəzərə alsaq ki, gələcək yeni texnologiyalarındır, 4-cü sənaye inqilabı gedir, bu baxımdan ən mühüm məsələlərdən biri ölkənin gələcəyini əhalisinin texniki biliklərə nə səviyyədə sahib olması həll edəcək. Dövlətin də taleyi hər şeydən əvvəl əhalinin texniki təfəkkürünün nə səviyyədə olmasından asılı olacaq.
Özəl sektor da bu barədə düşünməlidir. Çünki bütövlükdə kriminogen vəziyyətin pisləşməsi, yaxud da kriminogen vəziyyətdə dinamikanın olması özəl sektorun özünün də maraqlarına ziddir. Onda özəl sektor özü də bu məsələdən əziyyət çəkə bilər
- Ölkədə təkrar cinayətkarlıq faktının 40 faizi aşması onu deməyə əsas verir ki, həbsxanalarımız hələ də tam olaraq islah müəssisəsi rolunu yerinə yetirmir. Siz qeyd etdiniz ki, məhbuslar əməyə cəlb olunmalıdır. Ola bilərmi, belə qərar qəbul olunsun ki, dustaq əməyə cəlb olunmaqla maaş alsın, bu vəsaitlər həm də, məsələn, dələduzluq maddəsi ilə həbsə düşmüş şəxs zərərçəkənə borcunu ödəsin?
- Mövcud qanunvericilik bunu özündə tam ehtiva edir. Qanunvericiliyə görə, dəymiş zərərin ödənilməsi məhbusun əməkhaqqından tutulur. Məhbus cəzaçəkmə müəssisəsində əmək fəaliyyəti ilə məşğuldursa, heç şübhəsiz, zərər onun əməkhaqqından tutulur. Səhv etmirəmsə, bu tutulma 50 faizə qədərdir. Bu var. Sadəcə biz özəl sektorun cəzaçəkmə müəssisələri ilə daha yaxından işləməsinin tərəfdarıyıq. Bunun üçün hökumətin qərarlar qəbul etməsinə ehtiyac var. Hökumət cəzaçəkmə müəssisələrində məşğulluğun artırılması ilə bağlı dövlət proqramı qəbul etməlidir ki, cəzaçəkmə müəssisələri müəyyən resurslarla təmin olunsun və beləcə özəl sektor üçün müəyyən imtiyazlar nəzərdə tutulsun ki, onlar bu prosesə daxil ola bilsin. Əks halda, bu mümkün olmayacaq.
Özəl sektor da bu barədə düşünməlidir. Çünki bütövlükdə kriminogen vəziyyətin pisləşməsi, yaxud da kriminogen vəziyyətdə dinamikanın olması özəl sektorun özünün də maraqlarına ziddir. Onda özəl sektor özü də bu məsələdən əziyyət çəkə bilər. Ona görə, özəl sektor cəmiyyət qarşısında ictimai məsuliyyətini başa düşməlidir. İndiki zamanda bir çox ictimai proqramların, layihələrin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Azərbaycanda özəl sektor sanki özü-özü üçün çalışır, başqa şeylər onu maraqlandırmır. İctimai korporativ məsuliyyət məsələsi ilə bağlı məslələrə ümumiyyətlə daxil olmur. Halbuki, özəl sektor da cəmiyyətin bir hissəsidir. Məhkumlar da cəmiyyətin tərkib hissəsidir. Qarşılıqlı olaraq bu prosesdə bir-birimizə fayda verməliyik. Məhbusların düzgün həyata qayıtması üçün onlara imkanlar verməliyik, onları cəmiyyətdən təcrid etməməliyi, itələməməliyik. Bu, həm dövlət orqanlarının, həm özəl sektorun üzərinə düşən məsuliyyətdir. Hesab edirəm ki, bu məsələyə də cavabdehliklə yanaşmalıyıq.
Peşə təhsilinə diqqəti artırmalıyıq. Cəzaçəkmə müəssisələrində müəyyən peşələr öyrədilir. Amma o peşələrlə bağlı aydın bir konsepsiya vacibdir. Bu, əlbəttə ki, Elm və Təhsil Nazirliyinin üzərinə əlavə öhdəliklər qoyur. Bu, hökumət səviyyəsinə gəlib çıxan məsələdir
- Necə düşünrsünüz, hazırda həbsxanaların evsiz-eşiksiz, kriminala meylli və s. bu tipli insanlar üçün “cəzbedicilik” funksiyasını azaltmaqdan ötrü daha hansı tədbirlər görmək olar? Hansı ki, bu tip insanlar əsasən “AUE” deyilən uşaqlıqda kriminala meylli fərdlərin arasından çıxır...
- Hər bir insana ətraf mühit çox ciddi təsir edir. Mühit onu cinayətkar da, alim də yetişdirə bilər. Ona görə, onun hansı mühitdə olması mühümdür. Şübhəsiz, o yerdə ki, baxımsız, çətin şəraitdə yaşayan uşaqlar var, onlarla xüsusi olaraq sosial işçilər, psixoloqlar, reabilitasiya mərkəzləri məşğul olmalıdır. Bərpa mərkəzləri olmalıdır. Onlar küçələrdə başsız qalmamalıdırlar. Başsız qalanda onlar küçələrdə yaşamaq uğrunda vəsait axtarırlar. Bu səbəbdən, deviativ davranırlar, kriminal davranış tərzinə malik olurlar. Bununla bağlı geniş sistem qurmaq olar. Bunu təkcə dövlət qurmamalıdır. Vətəndaş cəmiyyəti, özəl sektor prosesdə iştirak etməlidir. Düşünürük ki, reabilitasiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin öhdəsinə düşməlidir. Mən belə düşünmürəm. Peşə təhsilinə diqqəti artırmalıyıq. Cəzaçəkmə müəssisələrində müəyyən peşələr öyrədilir. Amma o peşələrlə bağlı aydın bir konsepsiya vacibdir. Bu, əlbəttə ki, Elm və Təhsil Nazirliyinin üzərinə əlavə öhdəliklər qoyur. Bu, hökumət səviyyəsinə gəlib çıxan məsələdir. Bu məsələlərin tədqiqatı, araşdırması olmalıdır. Problemin diaqnostikasını düzgün qoymaq lazımdır. Məslən, axı niyə təkrar cinayətkarlıq artır? Bunu tətikləyən səbəblərin ciddi sürətdə tədqiqatına ehtiyac var. Bu tədqiqatlar yoxdur, varsa da yetərli deyil. Yaxud da tam deyil, əhatəli deyil. Bununla bağlı geniş layihələr olmalıdır. Tutaq ki, QHT-lərə Dəstək Şurasına əlavə maliyyə verilməlidir, yaxud bu işi Elmlər Akademiyası aparmalıdır. İnsan Haqları İnstitutu var, onun bu araşdırmaları aparması üçün resursları artırmaq olar. Eyni zamanda, DİN-ə bu istiqamətdə araşdırma imkanları tanınmalıdır.
Krimonogen vəziyyətə təsir edən amillərdən biri də hüquq-mühafizə orqanlarının sosial müdafiəsi ilə bağlı məsələdir. Deyim ki, DİN-nin cinayət-axtarışı ilə məşğul olan əməkdaşların əməkhaqqı məsələsinə baxaq, elə də yüksək vəziyyətdə deyil, axı. Yaxud bizim polisin, Penitensiar Xidmətdə çalışanların maaşı çox aşağıdır. Bu, istər-istımız onların peşəkarlığının artmasına mənfi təsir göstərə bilər. Psixoloji, sosial işə çox diqqət yetirilməldir. Bütün qurumlarda, Pemitensiar Xidmətdə sosial işi aparan idarələr olmalıdır ki, onlar bu fəaliyyəti həyata keçirmək imkanına malik ola bilsinlər. Məsələlərə kompleks yanaşılmalıdır, hansısa bir məsələni götürməklə problem həll olunmur. Həm də qurumlar arasında, dövlət, QHT, özəl sektor arasında ciddi koordinasiya olmalıdır.
- Maddi imkanlarına görə məhbusların həbs həyatında fərqli yaşamasının, onlara pul qarşılığında fərqli şərait yaradılması kriminal romantikanın yaranmasına gətirir. Bu da cəmiyyətdə kriminala rəğbət bəslənməsini, kriminalın təbliğini tətikləyir. Bu tendensiyaya necə son qoymaq olar? Ümumiyyətlə, türmələrdə bəzilərinin “cah-cəlal içində” yaşamasına, maddi imkanı az olanların isə əziyyət çəkməsinə qarşı hansı tədbirləri görmək olar?
- Mən uzun müddətdir ki, Penitensiar Xidmətdə ictimai nəzarəti həyata keçirən şəxslərdən biriyəm. Artıq “imtiyazlı məhkum” anlayışı keçmişdə qalmağa doğru gedir. Bu gün cəzaçəkmə müəssisələrində tamamilə yeni bir yanaşma tətbiq olunmağa başlayıb. O imtiyazlı məhkumlar var idi ki, onlar xüsusi palatalarda, kameralarda qalırdılar, onların hamısı ləğv olunub və ləğv olunmaqdadır. Güman etmirəm ki, yeni infrastruktur buna imkan verəcək, çünki orada hamının şəraiti eynidir. Daha o cür şərait olmayacaq. Əlbəttə ki, məhkumlar arasında qeyri-bərabərlik məsələsi zaman-zaman baş verib. Amma yeni rəhbərliyin gəlməsi ilə bu məsələlərə çox ciddi bir yanaşmanın şahidi olduq. İstər müalicə mərkəzində, istər digər cəzaçəkmə müəssisələrində imtiyazlı kameralar, imtiyazlı məhkumlar məsələsi ləğv olunub.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az