Bakının Nəsimi rayonu ərazisində yerləşən “Uğur 777” estetik mərkəzində həkim kimi fəaliyyət göstərən şəxsin tibbi təhsili olmadığı aşkarlanıb.
“Uğur 777” klinikasında fəaliyyət göstərən Əliyeva Firuzə Vəli qızının bir neçə dəfə bədən şəkilləndirmə əməliyyatları icra etdiyi iddia olunur.
Bununla bağlı oxucu şikayət edib, redaksiyaya foto və videolar təqdim edib. Oxucu bildirir ki, Firuzə Əliyeva bir neçə aydır sözügedən klinikada cərrahi əməliyyat icra edir. Klinikanın rəhbəri Xəyalə İsmayılova da bundan xəbardardır.
Firuzə Əliyeva ilə əlaqə saxladıq. O bildirdi ki, “Uğur 777” estetik klinikasından iyul ayında ayrılıb və o, həkim yanında köməkçi işləyib. Tibb kursunu bitirdiyini deyən F.Əliyeva hazırda başqa klinikada fəaliyyət göstərdiyni əlavə edib: "Foto və videolara gəlincə, onları xatirə olsun deyə çəkdirmişik".
Səhiyyə Nazirliyinə məsələ ilə bağlı sorğu ünvanladıq.
Qurumun Analitik Ekspertiza Mərkəzindən bildirildi: "Xəyalə İsmayılova və Firuzə Əliyeva barəsində Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemində heç bir məlumat yoxdur".
Adıçəkilən mərkəzin fəaliyyəti ilə bağlı edilən şikayətlər əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən bir neçə dəfə plandanklənar yoxlama keçirilib. 2023-cü və 2024-cü illərdə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə ümumi olaraq 4 (dörd) dəfə protokollar tərtib edilərək növbəti icraata göndərilib.
Sonuncu dəfə müraciət əsasında Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən təkrar olaraq 22 iyul 2025-ci il tarixində plandankənar (növbədənkənar) yoxlama keçirilib. Lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə protokol tərtib edilərək növbəti icraata göndərilib.
"Bu mərkəz barədə edilən sonuncu şikayətlə əlaqədar məsələ AEM tərəfindən ciddi araşdırılacaq. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək", - deyə bildirilib.
Foto və videolara gəlincə, qeyd edilib ki, cərrahi əməliyyat zamanı foto və videoların çəkilməsi qadağandır./teleqraf.az
