"Terrorun təşkilatçıları və sifarişçiləri cəzalarını alacaqlar" - PUTİN / YENİLƏNİB

Terrorun əsl təşkilatçıları və sifarişçiləri layiqli cəzalarını alacaqlar.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı müraciətində deyib.

“Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək”, - o vurğulayıb.

Prezidentin sözlərinə görə, indi rusların vəzifəsi həmrəy olmaqdır: “Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq. Kimsə Rusiyada nifaq toxumu səpə bilməz”.

*** 16:40

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

Stopnarkotik.az xəbər verir ki, V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: “Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”.
Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır.