Terrorçuların əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək

Terrorçuların əmlaklarının dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsi barədə qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Məcəlləyə “Prosessual sənədlərin rəsmi qaydada verilməsi” və “Cinayət təqibi üzrə qiyabi icraat” adlanan iki yeni fəsil əlavə olunması təklif olunur. Məcəllənin ayrı-ayrı maddələrində cinayət prosesini həyata keçirən orqana çağırış qaydalarını nəzərdə tutan normalar olsa da, qanunda prosessual sənədlərin rəsmi qaydada verilməsini nəzərdə tutan ayrıca maddə və ya fəsil nəzərdə tutulmayıb.

Qeyd edilənə əsasən, Məcəlləyə əlavə edilməsi təklif edilən IV-I fəsildə prosessual sənədlərin çatdırılması, çağırış vərəqəsi, qəbzin məzmunu və prosessual sənədləri qəbul etməkdən imtina qaydaları ətraflı olaraq müəyyən edilir.

Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilməmişdən əvvəl cinayət təqibi orqanı ilk növbədə təqsirləndirilən şəxsin cinayət prosesində şəxsən iştirakının təmin edilməsi üçün Məcəllənin 54-1 – 54-4-cü maddələrində (yeni fəsil) nəzərdə tutulmuş qaydada onun cinayət prosesini həyata keçirən orqana çağırılmasını həyata keçirir. Eyni zamanda cinayət təqibi orqanı barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə təqsirləndirilən şəxsi məlumatlandırır, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir.

Təqsirləndirilən şəxsin Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də CPM və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. LIV-II fəsildə nəzərdə tutulan maddələrdə qiyabi icraatla bağlı digər məsələlər də ətraflı tənzimlənir.

Qeyd edilməlidir ki, qiyabi icraat barədə qərar həm məhkəməyədək icraat, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat zamanı qəbul edilə bilər. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında yalnız məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.