Azərbaycan müstəqilliyinin bərpa etdikdən bu yana ölkəmiz İranın təhdidi və xəyanəti ilə üz-üzədir. Tehran sözdə Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsindən narahatdır. Əslində isə, fars rejiminin narahatçılığının kökü daha dərindədir. Tehrandakı mollalar belə düşünür ki, ölkəmizin güclənməsi gələcəkdə İranın parçalanması və Bütöv Azərbaycanın qurulması ilə nəticələnə bilər. Lakin İran rejimi bu məsələni çox da qabartmayaraq, rəsmi Bakıya qarşı neqativ rəftarını “Azərbaycanın sionistlərlə yaxınlaşması” ilə əlaqələndirir və bunu açıq şəkildə də dilə gətirirlər.
Öz növbəsində, rəsmi Bakı da Tehranı Azərbaycan daxilində ekstremist şiə qruplaşmalarını gücləndirməkdə ittiham edir. Hansı ki, son həftələrdə ölkəmizdə İran agentlərinin təmizlənmə hadisələri Azərbaycanın haqlı olduğunu ortaya qoyur.
Bəllidir ki, İranın Azərbaycana qarşı nifrətlə bəslənmiş düşmənçiliyinin pik həddi Tehrandakı səfirliyimizə hücumda nümayiş olundu. Belə ki, yanvarın 27-də SEPAH üzvü olan silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın edərək bir mühafizəçini öldürdü, ikisini yaraladı. Hücumdan sonra Azərbaycan səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. O cümlədən, ölkəmizin Təbrizdəki konsulluğu da iş rejiminə bir neşə gün ara verdi.
Əlbəttə, İranın səfirliyimizə hücumuna daha geniş çərçivədən baxmaq zəruridir. Məsələnin kökü daha dərində yeləşir, necə deyərlər, lap çibanın kökü kimi. Üzdə görünən odur ki, bu hadisə Bakı ilə Tehran arasında yaranmış ciddi fikir ayrılıqlarından sonra baş verdi. Yəni ilk baxışdan belə düşnmək olar ki, proseslər Azərbaycanın regional oyunçu kimi rolunun artmasından və Tehranın bunu həzm etmək istəməməsindən qaynaqlanır. Bəs, məsələ bu qədər sadədirmi?
Öncə onu xatırladaq ki, Tehrandakı Azərbaycan səfirliyinə hücumun ardınca İranın İsfahan şəhərindəki PUA zavodlarının vurulması baş verdi. Dünyada belə bir ictimai rəy var ki, ABŞ İranın dövlət kimi yox olmasını və dağlmasını istəyir. Amma nədənsə İraq və Liviyanı yerlə-yeksan edib xaraba qoyan ABŞ İrana "əlini bulamır", yalnızca "barmaq silkələmək"lə kifayətlənir. Əslində isə İsrailin İrandakı hərbi obyektə hücumu İslam respublikasını cilovlamaq üçün yeni səylərin bir hissəsidir. Keçən il ərzində İran daxilində bir sıra insidentlər, o cümlədən təxribat və kiberhücumlar, sui-qəsdlər, güclü İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri, eləcə də alim və mühəndislərin müəmmalı şəkildə öldürülməsi baş verib. Tehran bu hadisələrdə İsraili günahlandırsa da, ortada bir sıra qaranlıq məqamlar da yox deyil...
Bəllidir ki, İran Rusiyanı silahlandırmaqla son vaxtlar “qırmızı xətti” çox keçib. Üstəlik, Tehran Moskva ilə əməkdaşlığını daha da artırır. Məsələn, ABŞ-ın İran PUA-larının istehsalı ilə məşğul olan səkkiz iranlı şəxsə qarşı sanksiya elan etməsindən bir gün sonra, ABŞ mediası Rusiyanın hər il təxminən 6000 İran pilotsuz təyyarəsi istehsal edəcək zavod qurmaq planını bildirdi. Hesabat “Wall Street Journal”da dərc edildi və ABŞ Dövlət Departamentinin sanksiyalar barədə məlumatından sonra işıq üzü gördü.
Rusiya və İran artıq Ukraynaya qarşı istifadə etmək üçün 6000 ədəd İran PUA-sı istehsal edə biləcək zavod yaratmağa çalışır və burada Kremlin son bir ildə istifadə etdiyi “Şahed” tipli kamikadze dronları da istehsal olunacaq. İşin daha maraqlı tərəfi budur ki, bu zavod Tatarıstanın Elabuqa bölgəsində qurulacaq ki, burada da məqsəd Ukraynanın atəş hədəfini Tatarıstana çevirməkdir.
Bu addımından sonra İran indi özünü “mötədil” və ya Qərblə hansısa “sövdələşmə” edəcəyinə inanılan ölkə kimi sata bilmir. Digər tərəfdən, İran faktiki olaraq Rusiyanın günahsız ukraynalılara qarşı kampaniyasında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Fars rejimi iİllərdir ki, Yaxın Şərqi terrora məruz qoyur və paralel olaraq Yəməndə “Hizbullah”ı, “Həmas”ı və Husiləri silahlandırmaqdadır. Bütün bunlara baxmayaraq ABŞ-ın hələ də İrana Səddam Hüseyn İraqına davrandığı kimi davranmaması və Tehrana qarşı sadəcə "qulaqburması" ilə keçinməsi maraqlıdır. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı və BƏƏ, o cümlədən də digər ərəb ölkələri Çinin nüfuz arealına qarşı meyllənməkdədir. İndiyə qədər ərəb dövlətləri ABŞ-ın nüfuz arealında idisə, indi proses Çin "tərəfə sürüşür". ABŞ bu vaxta qədər ərəb coğrafiyasını İsraillə balanslaşdırırdı, başqa sözlə, ərəb dövlətlərinin "gözünün odunu İsraillə alırdı". Amma İsraillə ərəb dövlətləri arasında bağlanan “İbrahim Anlaşması”ndan sonra Tel-Əviv münasibətləri yoluna qoymağa başladı və artıq ərəb coğrafiyasına-sünni islama aid olan kontingentə "yeni xoxan" lazımdır. Bu rolu isə İran tam layiqiylə yerinə yetirə biləcək yeganə namizəddir. Onsuz da İranın var oluş missiyası hər zaman islam aləminə qarşı "Troya atı" funksiyasını yerinə yetirmək olub. İndi di İran ABŞ-a "hürəyən it" qismində gərəkdir və Vaşqinton onu sünni dünyasının içinə ikitirəlik salmaq, qısıqrtmaq üçün yaxşı istifadə edəcək. Bu prizmadan baxanda ABŞ-ın İrana toxunmaması, ona xəbərdarlıq qismində qulaqburmalar verməsini belə anlamaq olar.
Rusiyaya gəlincə, İran PUA-larından başqa, Kreml Moskva-Tehran-Yeni Dehli oxunun yaradılması istiqamətində addımlar atır. Tehran və Moskva azad ticarət haqqında memorandum imzalayıblar ki, bu da iki ölkə arasında əməkdaşlığın daha da inkişafıdır. Bundan əvvəl İranın dəmir yolu infrastrukturunun elektrikləşdirilməsinə sərmayə qoyuluşu və qarşılıqlı ticarətin rəqəmsal tokenə keçirilməsi planları açıqlanıb. Əgər 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm artıq 4 milyard dollara çatıb, 2022-ci ildə isə qızıla bağlanmış 4,8 milyard dollara yüksəlib.
Rusiya İranın əsas siyasi tərəfdaşına çevrilir. İndi siyasəti iqtisadi əlaqələrin inkişafı izləyir. Lakin indi Tehran daha çox Çin-Səudiyyə yaxınlaşmasından narahatdır. Səudiyyə Ərəbistanı İranın əleyhdarlarından biridir və enerji təchizatı sahəsində iqtisadi rəqabətlə yanaşı, daha ciddi ideoloji və dini ziddiyyətlər mövcuddur. Əlbəttə, Pekin və Tehran arasında münasibətlərdə qırılma və ya ciddi sürtünmə barədə danışmağa ehtiyac yoxdur, amma müəyyən gərginlik var.
Bundan başqa, Tehran Cənubi Qafqazda özünün əleyhinə olmayan oyunçuların olmasında maraqlıdır, əsas da Rusiyanın. Demək olar ki, İranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu bilməyən yoxdur, amma səbəb yalnız Ermənistanla 40 km-lik sərhədini itirməsi qorxusudurmu? Xeyr, iş burasındadır ki, İranın böyük ümidlər bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizi təhlükə altına düşüb. İran Şimal-Cənub dəhlizinin köməyi ilə öz ərazisi vasitəsilə Rusiya Federasiyasına ən böyük idxal qovşağına çevrilmək istəyir.
Ancaq aydındır ki, Qafqazda müharibə Tehranın "möhtəşəm" iqtisadi planlarının qarşısında dayanır. Və onun Türkiyə-Azərbaycan oxunun qələbəsi ilə başa çatması İran üçün qətiyyən sərfəli deyil, çünki bu halda Şimal-Cənub nəqliyyat dəhlizi Tehrana qarşı olan qüvvələrin - Türkiyə ilə Azərbaycanın nəzarətində olacaq.
Ona görə də iranlılar artıq alternativ yol üzərində - həmin “Şimal-Cənub” dəhlizinin, amma Azərbaycan ərazisində deyil, Xəzərdən keçən dəhlizin üzərində düşünürlər. Ona görə də indi onlar prezident Putinin Xəzərdə yeni Rusiya limanının tikintisi planının həyata keçirilməsində maraqlıdırlar. Beləliklə, İran istər-istəməz Qafqazda status-kvonu saxlamaq, yəni öz istədiyi tərzdə sülhün və Ermənistanın olduğu şəkildə saxlanılması üçün Rusiyanın müttəfiqinə çevrilir.
Təbii, İranın ürəyindən dünya enerji mərkəzinə çevrilmək də keçir. Bu barədə rəsmi Tehran neft naziri Cavad Oudjinin diliylə hələ 2022-ci ilin sentyabrında bəyan etmişdi. Nazir açıqlamasında bildirmişdi ki, beynəlxalq bazarlara neft tədarükü və qlobal enerji təhlükəsizliyini təmin etmək üçün çalışmağa hazırdır.
"Neft və neft məhsullarının əsas istehsalçısı olaraq, biz həmişə beynəlxalq neft bazarında rol oynamağa və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə hazırıq", - deyə TASS İran xəbər agentliyi "Şana"ya istinadən bildirmişdi. Bundan bir gün əvvəl sentyabrın 4-də isə İran XİN-nin rəsmi nümayəndəsi Kanani Çafinin açıqlamışdı ki, nüvə sazişi bağlanacağı təqdirdə Tehran Avropanın enerji ehtiyaclarının çoxunu təmin edə biləcək və dünya enerji mərkəzi funksiyasını öz üzərinə götürməyə hazırdır. Bəs Azərbaycanın timsalında Avropanın enerji təhlükəsizliyi təmin olunduğu halda Tehranın səfirliyimizə hücumu gözlənilməz idimi? Xeyr!
O halda Azərbaycanın "böyük oynaması"nı cilovlamaq üçün İran nəyə əl atmışdı? Zəngəzur dəhlizinin baş tutmaması və Bakını "Bir Kəmər Bir Yol" projesindən ofsaytda qoymaq üçün Tehran Çindən Cənub-Şərqi Asiya və Fars körfəzi ölkələrinə yüklərin daşınması üçün Bəndər-Abbas limanından istifadə etməklə “Qırğızıstan – Özbəkistan – Türkmənistan – İran” nəqliyyat dəhlizinin yaradılması planını işə saldı. Çin belə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün pul ayırmağa hazırdır.
Beləliklə, yazılanlardan belə nəticə çıxır:
1. İran Azərbaycanın Avropanın qaz təchizatçısı olmasına qarşıdır və özünü bu rolda görür. Daha dəqiqi, İran da, Rusiya da Azərbaycanın dünya səviyyəsində energetika təchizatında artan roluna rəqibdirlər.
2. İranla Rusiya Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlzində iştirakını əngəlləyir və hər iki dövlət bizim “Bir Kəmər Bir Yol” layihəsində iştirakımızı “Qırğızıstan – Özbəkistan – Türkmənistan – İran” nəqliyyat dəhlizini irəli sürməklə sıfırlamağa çalışır.
Nəhayət, son gələn xəbərlərə görə, Rusiya ilə Gürcüstan arasında tikilən tunel magistrallar başa çatmaq üzrədir. Bəzi iqtisadçılar deyir ki, bu halda Rusiyanın Zəngəzur dəhlizində maraqlı olması tezisi öz aktuallığını itirir. Çünki Rusiyaya Türkiyəyə çatmaq üçün quru yolu lazımdırsa, o bunu Gürcüstandakı tunel magistrallar vasitəsilə də edə bilər. Yəni Zəngəzur vasitəsilə Türkiyənin Azərbaycana, oradan da Mərkəzi Asiyaya açılmasındansa özü Gürcüstanla Türkiyəyə çatmaqda maraqlı olacaq. Necə ki, Rusiyanın Zəngəzur dəhlizinin həyata keçməsi üçün barmağını barmağına vurmadığı da görünür. Bəlkə də Rusiyanın Zəngəzur dəhlizində maraqlı olması və bu dəhlizin ona hava-su kimi lazım olması Azərbaycanı sakitləşdirmək, vaxtı uzatmaq üçün aldadıcı gediş idi...
Stopnarkotik.az