Son zamanlar hava şəraitinin dəyişməsi - yağıntıların çox düşməsi çaylarda suyun səviyyəsinin artmasına səbəb olub ki, bu da ölkənin müxtəlif yerlərində subasmalarla nəticələnib.
Eyni zamanda küləkli hava şəraiti ilə əlaqədar ağacların qırılıb aşması kimi hadisələr də baş verməkdədir. Bu da özlüyündə insanların şəxsi mülkünə ciddi zərər vurur. İrəliləyən zamanlarda bu kimi təbiət hadisələrinin çox olacağı istisna edilmir, bəs bu hallarda dəymiş zərəri kim ödəməlidir?
Hüquq müdafiəçisi Çingiz Qənizadə Modern.az-a bildirib ki, bu kimi təbiət hadisələri zamanı onun əhatə dairəsinə, təsir gücünə və törətdiyi fəsadlara diqqət yetirmək lazımdır.
“Əgər hansısa kəndin ərazisinə dolu düşübsə, kənd təsərrüfatı məhsullarına zərər dəyibsə, dövlət bu zərəri qarşılamağa borclu deyil. Amma təbiət hadisələri fors-major hal alırsa və ölkə ərazisində hansısa təbii hadisələr çoxsaylı zərərə gətirib çıxarırsa, dövlət orada köməksiz vəziyyətdə olan insanlara yardım etməlidir - müəyyən isti paltarla, ərzaqla təmin olunma müvəqqəti olaraq dövlət tərəfindən həll olunmalıdır”.
Ç.Qənizadənin sözlərinə görə, əmlaka və mülkiyyətə dəyən zərərin ödənilməsi üçün sığortadan istifadə olunmalıdır, beləliklə, dəymiş zərərə görə dövlət kompensasiya ödəyə bilər:
“Əmlakın sığortalanması ilə bağlı qanundan bəhrələnən vətəndaşlar bu cür hadisələr zamanı sığorta şirkətləri tərəfindən dəymiş zərərin ödənilməsini tələb edə bilərlər. Amma hər şeyi dövlətdən gözləmək kimi bir anlayış yoxdur. Hüquqi dövlətdə hər şey qanunla tənzimlənir. Bu kimi fəlakətlərdə köməksiz qalan insanlara ilkin yardımın edilməsi dövlətin borcu olsa da, daha sonra baş verən prosesləri - evlərin təmir edilməsi, digər xüsusi əmlaka dəymiş zərərin bərpa edilməsi vətəndaşın öz üzərinə düşür.
Dövlət qanun qəbul edib ki, əmlak sığortalansın, əgər vətəndaş bundan istifadə etməyibsə, onda dövlətlə-vətəndaş arasında anlaşılmazlıq hüquqi baxımından dövlətin leyhinə həll olunan məsələdir”, - deyə hüquqşünas bildirib.