Gürcüstanın paytaxtı Tbilisinin Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Vətən müharibəsinin ildönümünə həsr olunmuş "Komando" adlı tamaşa nümayiş etdirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan əsgərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs olunan tamaşa respublikamızın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Era” Teatrının kollektivi tərəfindən hazırlanıb.
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının azadlıq uğrundakı mübarizəsindən danışıb, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin bərpa olunduğunu xüsusi qeyd edib. Bildirib ki, müstəqilliyin ilk illərində düşmən qüvvələr tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Ümummilli liderin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Birinci və ikinci Qarabağ müharibəsində xalqımız şəhidlər verdi. Onların arasında Gürcüstandan olan soydaşlarımız da var.
Bildirilib ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı göstərir.
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası Rəhilə Rüstəmova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, təkcə o deyil, bütün şəhid anaları övladları ilə qürur duyurlar.
Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Anar Rafiqoğlu deyib ki, səhnə əsərini hazırlamaqda məqsəd rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanləqlarını nümayiş etdirməkdir.
Sonra tamaşa nümayiş etdrilib.
Tamaşanın əsas süjet xəttini 44 günlük Vətən müharibəsində yaralı əsgər yoldaşını döyüş meydanından sağ çıxarmağa çalan komandirlərin və həkim Nigar xanımın göstərdiyi qəhrəmanlıq təşkil edib. Qeyri-bərabər döyüşdə əsgər və zabitlərin, bir vaxtlar hərbçi olan atasının son arzusunu yerinə yetirmək üçün ağ xalat geyinib cəbhəyə yollanan tibb bacısının, yaralı əsgərlərin göstərdiyi qəhrəmanlıq nümayiş etdirilib.
Alqışlarla qarşılanan tamaşada rolları gənc aktyorlar Elnur Vəlizadə, Elvir Hasanoğlu, Gül Cəfərova və Əli İlqaroğlu ifa ediblər.
Tamaşada Türkiyənin və Türkmənistanın Gürcüstandakı səfirləri, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri, AZEBİ və digər strukturların rəhbərləri, iş adamları, din xadimləri, şəhid ailələrinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.