Zülfiyyə Eldarqızı: “Şüvəlanda verdiyimiz tamaşadan sonra bir oğlan mənə yaxınlaşıb söz verdi ki, bir də narkotik istifadə etməyəcək”
“Narkotiki insanlar üçün əlçatmaz etmək mümkündür”
Ölkəmizdə narkomaniyanın sürətlə genişlənməsi cəmiyyətimizi təhdid edən əsas problemlərdəndir. Çünki, xüsusilə yeniyetmə və gənclərimizin narkotik aludəçisinə çevirlməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə vəd edir. Doğrudur, müvafiq dövlət qurumları istər narkotik ticarətinə, istər də narkomaniyaya qarşı ciddi mübarizə aparırlar. Lakin etiraf etməliyik ki, bu problemin qarşısını almaq, cəmiyyətimizi narkomaniya bəlasından tamamilə xilas etmək mümkün olmur. Əksinə, narkomaniyanın qurbanı olan ailələrin sayının günbəgün çoxalması cəmiyyətimizi sosial və mənəvi anlamda çöküşə sürükləyir.
Bəs, bu problemdən xilas olmaq üçün daha hansı addımları atmalıyıq? Stopnarkotik.az-ın bu və digər suallarını tanınmış aktrisa, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı savablandırıb.
“Bu gün çox ağrı-acılı bir dövrə gəlib çıxmışıq. Elə bir dövrə ki, narkomaniya əsrin bəlasına çevrilib, bir çox ailələrdə bu faciə yaşanmaqdadır. Həqiqətən də, dövlət tərəfindən nə qədər tədbirlər görülsə də, biz övladlarımızı bu zəhərdən qoruya bilmirik və bu, artıq kütləvilik təşkil edir”, - deyən Zülfiyyə Eldarqızı hesab edir ki, indiki məqamda narkomaniyanın qarşısını almaq üçün ilk növbədə sərhəd xidmətlərinə nəzarət gücləndirilməli, narkotik vasitələrin ölkəmizdə daxil olmasının qarşısı alınmalıdır.
Müsahibimiz deyir ki, narkomaniyadan xilas olmaq üçün paralel olaraq ölkəmizdə maarifləndirmə işlərinin genişləndirilməsi və cəzaların sərtləşdirilməsi mütləqdir. Onun fikrincə, narkotik alverçilərinə qarşı sərt cəza tətbiq olunsa, ölkəmizdə narkoticarət də zəifələyər.
Zülfiyyə xanım deyir ki, narkotikin zərərləri ilə bağlı teatrlarda tamaşalar da oynanılmalıdır: “Bizim teatrda narkomaniya əleyhinə bir tamaşamız vardı. Mən orda narkomanın anasının obrazını yaratmışdım. Biz Bakı Şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə o tamaşanı Bakının bütün ucqar kəndlərində - Maştağada, Şüvəlanda, Buzovnada, Nardaranda, Əmircanda və s. təqdim etdik. Mən bu tamaşanın gedişatı zamanı elə dəhşətli hadisələrlə rastlaşdım ki... Hətta Əmircanda bu tamaşanı təqdim edərkən bir neçə ananın ürəyi getdi, təcili yardımlar gəldi. Çünki mənim timsalımda evlərində narkoman övladları olan analar mənim yaşadığım faciəni öz dərdləri hesab edirdilər. Mən onların prototipi idim. Bax, bunun özü təbliğatın bir növüdür. Təbliğat-təşviqat bu məsələdə böyük böyük rol oynayır”.
Zülfiyyə Eldarqızı vurğuladı ki, narkomaniyanın zərərləri ilə bağlı yeniyetmə və gənclər arasında aparılan təbliğat işlərində tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, jurnalistlərin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan da faydalanmaq mümkündür: “Tanınmış insanlar xalq arasından seçilmişlərdir. Millət onlara inanır. Ona görə də onların nüfuzundan istifadə edərək video-roliklər, kliplər, tamaşalar, filmlər hazırlamaq, bunu geniş ictimaiyyətə təqdim etmək mütləqdir və inanıram ki, bu öz səmərəsini verəcək. Bayaq dediyim kimi, biz o tamaşanı təqdim edərkən neçə valideyn şəxsən mənə yaxınlaşıb təşəkkür edirdi və mənim faciəmi öz faciəsi hesab edirdi. Hətta Şüvəlanda bir oğlan mənə yaxınlaşıb söz verdi ki, bir də narkotik istifadə etməyəcək. Bilmirəm nə qədər dürüst oldu, amma mənə etiraf etdi”.
Zülfiyyə Eldarqızının fikrincə, narkotiki insanlar üçün əlçatmaz etmək mümkündür: “Bunu dövlət etməlidir və biz ziyalılar da səfərbər olub dövlətimizə, millətimizə bu işdə dəstək olmalıyıq. Məncə, toplum olaraq istəsək bunun öhdəsindən gələ bilərik, həm maddəni əlçatmaz etmək, həm təbliğat, maarifləndirmə tədbirləri, həm də cəzanın sərtləşdirilməsi, sərhədə, gömrüyə nəzarətin gücləndirilməsi bu işdə müsbət nəticə verə bilər”.
Tanınmış aktrisa sonda onu da dedi ki, narkotikin zərələri ilə bağlı dərs vəsaiti hazırlamaq da ümumi işə fayda verər: “Narkotikin törətdiyi fəsadlar, onun yaratdığı faciələr, acı nəticələr, ölümlər, doğmaların yaşadıqları dəhşətlər haqqında faktlar əsasında yazılan dərs vəsaiti tədris olunmalıdır. Bir növ, öncədən şüur altına yeridilib, ona qarşı nifrət yaradılmalıdır. Mən elə düşünürəm ki, bu müsbət nəticə verər.
Eyni zamanda, məktəb müəllimlərinin, psixoloqların da bu məsələdə çiyninə çox böyük missiya düşür. Bir sözlə, hər bir vətəndaş dövlətə dəstək olub, millətimizin balalarını bu əsrin bəlasından xilas etməlidir”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az