Talassemiyalı uşaqların müalicəsi üçün yığılan pulları mənimsəyənlər MƏHKƏMƏ QARŞISINDA

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb:

"Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər".

Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb:

"Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü."

Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb.

"Antalya Medical Parkdan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. Antalya Medical Parkın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə Çinar Plazada ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizi sənə verəcəyik", - A.Bayramova deyib.

Müttəhim qeyd edib ki, Nuridəyə xəstələri yönəldəndə onu bəzi məsələlərlə bağlı sorğu-sual edirmiş:

“Nuridə onun sponsoru olduğunu deyib. Nuridə Seyidova xəstələrdən aldığı pulu dollara çevirib”.

Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.