Taksilərlə bağlı yeni tələb: qeydiyyatdan keçməyən sürücüləri nə gözləyir?

Nazirlər Kabinetinin qərarı ilə “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na bəzi dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, taksi ilə sərnişindaşımalarına verilən buraxılış vəsiqəsi ilə bağlı vergi orqanlarına məlumat göndəriləcək. Belə ki, əsas buraxılış vəsiqəsi taksi minik avtomobilləri ilə sərnişindaşımalarına və taksi sifarişi operatoru fəaliyyətinə icazə vermək üçün nəzərdə tutulub.

Bu qərar taksi fəaliyyəti ilə bağlı nəyi dəyişəcək?

Bizim.media-nın bu və ya digər suallarını cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, hələ 2006-cı ildə taksi fəaliyyəti ilə bağlı edilmiş əlavə və dəyişikliyə əsasən, istənilən sərnişindaşıma ilə bağlı vergi orqanlarında qeydiyyat prosedurları gerçəkləşdirilib:

“Bir pəncərə” sisteminə keçdikdən sonra bu proses daha da şəffaflaşdı. Ona görə ki, istənilən fiziki və ya hüquqi şəxs qeydiyyat zamanı mütləq vergi orqanlarından VÖEN almalı idi. Hazırda da hər bir vətəndaş bunu almaqda maraqlıdır ki, gələcəkdə öz fəaliyyəti ilə bağlı banklardan kredit ala bilsin. Nazirlər Kabinetinin qərarı da bu prosesi stimullaşdırdı”.

Bəs bu qərar taksi fəaliyyətini tənzimləməyə şərait yaradacaqmı?

Ekspertin sözlərinə görə, taksi şirkətləri Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınan zaman qarşılarına müəyyən tələblər qoyulur:

“Onlar da buna uyğun fəaliyyət göstərirlər. Əgər qeydiyyatdan keçməsələr, Cinayət Prosessual Məcəlləsinə görə, müəyyən problemlərlə üzləşə bilərlər. Bu qərar isə məhz fiziki şəxslərə aid olan bir məsələdir”.