Bakı Apellyasiya Məhkəməsində Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Vasif Şeydayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Vasif Şeydayev 2015-ci ildə Suriyanın Tel-Abyad şəhərinə gedərək, həmin ölkənin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış İŞİD cinayətkar birliyin (təşkilat) tabeçiliyində olan “Tel-Abyad camaatı” adlı sabit silahlı qrupa qoşulub. O, 2015-ci ilin may ayından 2016-cı ilin oktyabr ayınadək həmin qruplaşmanın üzvləri olan digər Azərbaycan vətəndaşları ilə birlikdə “Kalaşnikov” və “Makarov” markalı odlu silahlardan istifadə etməklə Suriyanın Tel-Abyad və Rakka şəhərlərində hərbi təlimlərdə, o cümlədən silahlı münaqişələrdə iştirak edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Şeydayev 11 il müddətinə azadlıqdan məhrum edilib./pravda.az