Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev üçüncü dəfə əməliyyata girib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə bizim.media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib.
Onun sözlərinə görə Aslan Əliyev bu dəfə də boynundan əməliyyat olunub. Əməliyyat 2 saatdan çox çəkib. Hadisə zamanı boyun nahiyyəsi dərin yandığından əməliyyatdan sonra yeniyetmənin vəziyyəti ağırlaşıb və qanaxma başlayıb. Hazırda uşaq reanimasiyadadır.
Qərənfil Əliyeva qeyd edib ki, Aslan Əliyevi hələ bundan sonra daha iki ağır əməliyyat gözləyir:
“Üçüncü dəfədir ki, boynundan əməliyyat olunur. Sağlam damarı qalmayıb, hamısı yanıb və onurğası görünür. Başı nə sağa, nə sola çevrilir. Bundan ağır və dəhşətli acı ola bilməz. Əməliyyatdan sonra boynundan qanaxması başlayıb. Vəziyyəti ağırdır”.
Qərənfil Əliyeva baş verən dəhştli hadisədən sonra heç bir dövlət qurumunun əməkdaşlarının uşağa baş çəkməməsindən də gileylənib:
“Uşaq 19 gündür xəstəxanadadır. Həyat və ölüm mübarizəsi aparır. Heç kim gəlib axtarmayıb. Hardadı “Azərişıq” ASC-nin əməkdaşları? Niyə bir dəfə olsun uşaqla maraqlanmırlar? Bu qədər də vicdansızlıq olmaz”, - deyə bibi şikayətlənib.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Yeniyetmə 19 gündür ki, “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.