Stopnarkotik.az saytının 2 yaşı tamam oldu – SON 2 İLDƏ NƏLƏRƏ NAİL OLA BİLMİŞİK...

2023-cü ilin may ayında fəaliyyətə başlayan Stopnarkotik.az saytı ilk gündən ölkəmizdə tüğyan edən narkomaniyaya qarşı mübarizə kampaniyasına dəstək verməyi qarşısına məqsəd qoymuşdu. Təbii ki, əsas hədəfimiz cəmiyyətdə mövcud olan neqativləri göstərmək və onların həllinə dəstək olmaqla yanaşı, maarifçilik xəttini bir qədər də inkişaf etdirmək, bununla da yeniyetmə və gənclərimizi narkotik bəlasından uzaq tutmaq, onları düzgün istiqamətə yönləndirmək idi. Əlbəttə, son iki il ərzində bu sahədə gördüyümüz işləri oxucularımızın dəyərləndirməsi daha düzgün olar. Amma biz də sayt olaraq 2 illik fəaliyyətimizlə bağlı qısaca açıqlama verməyi məqbul hesab etdik.

Öncə onu qeyd edək ki, Stopnarkotik.az saytı ölkəmizdə narkomaniyanın və narkotik ticarətinin günbəgün genişləndiyi bir dövrdə fəaliyyətə başladı. Ən üzücüsü isə o idi ki, artıq narkomaniya azyaşlılar, yeniyetmələr arasında da sürətlə yayılırdı. Bunun qarşısını almaq üçün müvafiq rəsmi qurumlar öz imkanlarını səfərbər etmişdilər. Amma, əksər narkoekspertlərin də etiraf etdiyi kimi, istər narkomaniya, istər də narkotik ticarəti ilə mübarizə yalnız rəsmi qurumların işi deyil, bu sahədə medianın, eləcə də cəmiyyətin hər bir fərdinin üzərinə böyük yük düşür. Çünki yeniyetmə və gənclərimizi narkotik bəlasından uzaq tutmaq üçün ilk növbədə onlara narkotikin zərərləri haqda yetərli məlumatlar verilməlidir. Hətta yeri gəldikcə, narkomanların acı taleyi də bu və ya digər şəkildə onlara çatdırılmalıdır ki, narkotikə meylli olan yeniyetmə və gənclərimiz bu bəlaya düçar olacaqları təqdirdə, onların sonunun da digərlərindən fərqli olmayacağını dərk etmiş olsunlar.

Bir sözlə, narkomaniyaya qarşı mübarizədə ilk addım maarifləndirmə işinin düzgün aparılmasıdır ki, burada da istər valideynin, istər təhsil ocaqlarının, istər də medianın üzərinə böyük yük düşür. Nəzərə alsaq ki, hələ də əksər telekanallar və media subyektləri ucuz mövzularla öz tamaşaçı və oxucu auditoriyalarını genişləndirmək istiqamətində fəaliyyət göstərir, cəmiyyətin problemi onları az narahat edir, deməli, yeniyetmə və gənclərimizi narkotikin fəsadları ilə bağlı maarifləndirmək üçün ayrıca bir platformaya ehtiyac var idi. Stopnarkotik.az saytı da məhz bu boşluğu doldurmaq üçün fəaliyyət göstərir...

Şübhəsiz, ölkədə dəhşətli səviyyəyə gəlib çatmış narkomaniya bəlasından qısa müddətdə xilas olmaq nəinki hansısa bir media subyektinin, hətta aidiyyəti güc strukturlarının da imkanları xaricindədir. Doğrudur, rəsmi və qeyri-rəsmi səviyyədə bu sahədə son bir neçə il ərzində kifayət qədər böyük işlər görülüb və hazırda da görülməkdədir. Üstəlik, təkcə narkotacirlərin həbsi, yeniyetmə və gənclər arasında maarifçilik işinin genişləndirilməsi sahəsində deyil, narkomanların müalicəsi ilə bağlı da az işlər görülməyib. Heç də təsadüfi deyil ki, 3 il əvvələdək Azərbaycanda cəmi 2-3 özəl reabilitasiya mərkəzi mövcud idisə, hazırda onların sayı 160-a yaxındır. O cümlədən, kadr sahəsində mövcud olan problemin aradan qaldırılması istıqamətində də dövlət səviyyəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

**

Bəs, Stopnarkotik.az saytı son iki il ərzində qarşıya qoyduğu hansı məqsədlərə çatmağı bacarıb?

İlk olaraq onu qeyd edək ki, ötən illər ərzində Stopnarkotik.az ailəsi mövcud imkanları daxilində öz fəaliyyət sahəsini daha da genişləndirməyə nail olub. Belə ki, əməkdaşlarımız peşəkar səviyyədə işlənilən yüzlərlə maarifləndirici məqalələr, təhlil yazıları, araşdırma materialları hazırlamaqla müxtəlif sahədə mövcud olan problemlərin həlli yollarını ortaya qoymağa çalışıb. Bundan əlavə, saytımızda bir çox dövlət qurumlarının vəzifəli şəxsləri, millət vəkilləri və  tanınmış ziyalılar, narkoekspertlər, narkoloqlar, təhsil ekspertləri, QHT rəhbərləri, psixoloqlar, psixoterapevtlər, sosioloqlar, hüquqşunaslar, ali və orta məktəb müəllimləri, yazıçılar, media qurumlarının rəhbərləri, aktyor və aktrisalar, teatr rəhbərləri və s. nüfuzlu insanlarla çoxsaylı müsahibələr dərc olunub ki, bunların hər biri minlərlə oxucunun marağına səbəb olub. O cümlədən, ölkədə narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində dövlət qurumlarının, polis idarə və şöbələrinin gündəlik fəaliyyəti izlənərək, hər ayın sonunda hesabat xarakterli layihə təqdim olunması da ilk gündən davam edir.

Bütün bunlara paralel olaraq, saytımızın eyniadlı “Youtube” internet telekanalında nüfuzlu ekspertlərin canlı müsahibələri, narkomanların həyatından bəhs edən verilişlər təqdim olunur ki, bu zaman çoxsaylı mövzuları müzakirəyə çıxarmaqla, xüsusilə də yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa, onları düzgün istiqamətə yönləndirməyə çalışmışıq. Həmçinin, “Youtube” kanalı ilə yanaşı, “Tik-Tok” kanalında da özəl reabilitasiya mərkəzlərinin rəhbərləri, eləcə də hazırda müalicə olunan pasiyentlər və müalicəsi başa çatmış keçmiş narkomanlarla çoxsaylı video-müsahibələr aparılıb ki, bunların hər birində başlıca hədəf ucuz sensasiya yaradaraq IP toplamaq deyil, məhz yeniyetmə və gənclərimizə narkotikin zərərlərini aşılamaq olub. Üstəlik, burada yalnız narkomanlarla deyil, iqromanlar, içki aludəçiləri, qumarbazlar və digər asılılıq növündən əziyyət çəkən insanlarla maarifləndirici müsahibələr təşkil olunub ki, bu bəlanın hər birinin ayrı-ayrılıqda fəsadlarını cəmiyyətimizə çatdıra bilək.

Bu müsahibələrin, araşdırma yazılarının, məqalələrin hər birinin geniş oxucu kütləsi toplaması, redaksiyamıza çoxsaylı zənglərin daxil olması və oxucularımızın böyük əksəriyyəti tərəfindən fəaliyyətimizin təqdir olunması bizə əlavə stimul verir. Bu, həm də onu deməyə əsas verir ki, ötən 2 ilimiz heç də hədər getməyib.

Onu da qeyd edək ki, maarifləndirmə işləri ilə yanaşı, istər dövlət qurumları ilə əlaqələr yaratmaq hesabına, istər də özəl reabilitasiya mərkəzləri ilə danışıqlar aparmaqla, Stopnarkotik.az-a müraciət edərək kömək istəyən çox sayda narkomanın pulsuz müalicə almasına da dəstək ola bilmişik. Ən başlıcası isə, bunları kimsədən təmənna güdmədən, qarşılıq istəmədən, sırf gənclərimizin sağalıb normal həyata qayıtması naminə etmişik. Yeri gəlsə, bu istiqamətdə şəxsi vəsaitimizi də xərcləmişik.

Eynilə, bundan sonrakı fəaliyyətimiz müddətində də cəmiyyətimizə bu və digər istqamətdə faydalı olmağı qarşıya məqsəd qoymuşuq. Hədəfimiz yeniyetmə və gənclərimizin məhvinə yönəlmiş “narkotik savaşı” dövlətimizin və xalqımızın xeyrinə başa çatanadək bu yolda irəliləməkdir...

Stopnarkotik.az

P.S. Son 2 ildə bizimlə bərabər olan oxucularımıza, eləcə də narkotikdən əziyyət çəkən yeniyetmə və gənclərimizin sağalması naminə bizdən öz dəstəyini əsirgəməyən rəsmi və qeyri-rəsmi şəxslərə minnətdarıq.