Şərurda 8 mart günü erkən nikaha cəhdin qarşısı alındı - KOMİTƏDƏN AÇIQLAMA

Şərurda erkən nikaha cəhdin qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurum tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir:

“Təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib. Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb".

Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.