Azərbaycanda xüsusən də son 2 il ərzində narkotik ticarətinə və narkomaniyaya qarşı ardıcıl mübarizə gedir. İstər Dövlət Sərhəd Xidməti (DSX), istər Daxili İşlər Nazirliyi (DİN), istər Dövlət Gömrük Komitəsi (DGK), istər də digər qurumlar tərəfindən demək olar ki, hər gün çox sayda narkotik alverçisi saxlanılmaqdadır. Təsadüfi deyil ki, narkotiklə əlaqədar həbs olunan məhbusların sayı 24 min nəfərdən qısa müddətdə 27 min nəfərədək çoxalıb. Və, yuxarıda da qeyd etdiyimiz kimi, bu rəqəm hər ötən gün getdikcə artmaqdadır.
Lakin, çox təəssüf ki, aparılan mübarizə ciddi nəticə vermir. Belə ki, hər gün onlarla şəxs həbs olunsa da, ölkəmizdə narkomaniya “ildırım sürəti” ilə genişlənməkdə, hətta məktəblilər arasında belə, getdikcə daha çox yayılmaqdadır. Bunun isə əsas səbəbi odur ki, Azərbaycana qarşı “narkotik savaşı” açan İrandan ölkəmizə narkotik axınını dayandırmaq müşkülə çevrilib.
Təbii ki, istər İrandan, istər də digər dövlətlərdən ölkəmizə narkotik vasitələrin maneəsiz keçirilməsinə görə ən böyük məsuliyyəti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi daşıyır. Xüsusən də DSX-nın bu məsələdə məsuliyyət payı daha çoxdur. Əlbəttə, biz demirik ki, bu qurumlar öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Əksinə, son vaxtlar DSX tərəfindən ölkəmizə daxil olan külli miqdarda narkotik vasitələrin qarşısının alındığı haqda onlarla fakt sadalamaq olar. Amma, bir halda ki, bu və digər yollarla ölkəmizə narkotik axını hələ də davam etməkdədir, deməli, istər DSX, istər də DGK rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Son vaxtlar aparılan müşahidələrə əsasən onu da deyə bilərik ki, İrandan ölkəmizə ucuz narkotik axını əsasən sərhəd xətti boyunca, xüsusən də Cəlilabad, Füzuli-Beyləqan, Yardımlı istiqamətindən həyata keçirilir. Nəzərə alsaq ki, SSRİ dönəmində cənub sərhədimiz çox ciddi şəkildə qorunurdu, necə deyərlər, biz tərəfə heç quş da uça bilmirdi, indi bu sərhəd zonasının “su yoluna” (narkotik marşrutuna) döndərilməsi anlaşılan deyil. Bir halda ki, indi dövlətimizin kifayət qədər maliyyə imkanı mövcuddur, texnologiya sürətlə inkişaf edir, o zaman nə üçün sərhədimizi tam bağlaya bilmrik? Bəzən adamda elə təəssürat yaranır ki, sanki narkotik sərhəddən sərbəst şəkildə keçir, kimsə müdaxilə etmir.
Belə olduğu, yəni ölkəmizə narkotik vasitələr sərhəddən maneəsiz keçdiyi halda, əlbəttə, daxildə narkoticarətə qarşı mübarizə aparmağın heç bir mənası qalmır. DİN əməkdaşları hər gün yüzlərlə şəxsi qandallasa da, bu mübarizə effekt verməyəcək. Əksinə, indi də olduğu kimi, ölkədə narkomaniya günbəgün “çiçəklənəcək”.
İnsaf naminə onu da demək lazımdır ki, son 30 il ərzində dövlət sərhəd xəttini möhkəmləndirmək üçün külli miqdarda vəsait xərclənib. Bəs, bu gün İrandan narkotik axınının qarşısını kəsmək üçün daha hansı addımlar atılmalıdır? Bəlkə, həqiqətən də İranla sərhədd xətti boyunca beton divar, istehkam qurğuları tikmək lazımdır. Hətta yeri gəlsə, ikili istehkam qurğuları da çəkmək olar. Hansı ki, bu, təkcə narkotik qaçaqmalçılığının deyil, eyni zamanda sərhəd pozuculuğunun, cinayətkarlığın da qarşısını alacaq.
Bu gün əminliklə deyə bilərik ki, Qarabağ probleminin həllindən sonra Azərbaycanda narkotik ticarətinin və narkomaniyanın sürətlə yayılması ölkənin ən birinci probleminə çevrilib. Təəssüf ki, cəmiyyətimizdə çoxları bu məsələyə biganə yanaşır. Amma unutmaq olmaz ki, ölkədə ucuz narkotik ticarətinin sürətlə genişlənməsi, varlı-kasıb olmasından asılı olmayaraq, hər bir ailəni təhdid edir. Bir sözlə, bu problemdən kimsə sığortalanmayıb. Bu səbəbdən, hər bir vətəndaşımız narkomaniyaya qarşı mübarizədə rəsmi qurumlarla həmrəy olmalı, gəncliyimizi məhv edən problemin həlli üçün əlindən gələni əsirgəməməlidir. Üstəlik, təhsil sahəsində də yeni konsepsiyanın hazırlanmasına ehtiyac var.
O ki qaldı konkret olaraq sərhədin qorunması məsələsinə, zənnimizcə, cəmiyyətimizi bu bəladan xilas etmək üçün bütün variantlar mümkündür. Məsələn, ABŞ kimi nəhəng ölkə Meksikadan narkotik axınının qarşısını kəsmək üçün milyardlarla dollar xərcləyərək sərhəd boyunca divar çəkdisə, biz niyə İranla sərhədimizdə beton divar, istehkam qurğuları tikməyək ki?!
Stopnarkotik.az