Abşeron rayonunun Xırdalan şəhərində özünü həkim kimi təqdim edən 1984-cü il təvəllüdlü Sergey Vasilyeviç həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, İsraildə tibbi təhsil aldığını bildirən Sergey el arasında tanınan şəxs olub. Avtomobil ustası işləməsinə baxmayaraq S.Vasilyeviç ona müraciət edən şəxslərə tibbi məsləhətlər verməklə yanaşı müalicə də yazıb.
Bildirilir ki, ötən ilin avqustunda Sumqayıtda yaşayan ailə Sergeyə yaşlı qadının müalicəsi üçün müraciət edib. S.Vasilyeviç həmin ailəyə yataq xəstəsi olan qadının sağalması üçün İsraildən bahalı sistemlərin gətirilməli olduğunu bildirib. Xəstənin vəziyyətinin pisləşdiyini görən ailə onu Qax rayonuna aparıblar. Oradan onlar Sergeyin dediyi karta dərmanları alması üçün 6 min manat göndəriblər. Lakin S.Vasilyeviç dərmanı vaxtında alaraq ailəyə çatdırmayıb. 3 gün sonra isə xəstə aterosklerotik xəstəlikdən vəfat edib.
Bundan bir neçə gün sonra dərmanlar üçün pul vermiş şəxslər Sergeyi taparaq ondan 6 min manatı geri istəyib. Sergey isə dərmanın artıq Azərbaycana gətirildiyini deyib. Xəstənin yaxınları isə dərmanı deyil, verdikləri pulu tələb ediblər.
Bundan sonra el arasında “Sergey həkim” kimi tanınan şəxs barəsində polisə müraciət edilib və onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, həbs edilib. Məlum olub ki, S.Vasilyeviç əvvəllər şantajla bağlı ağır cinayət törədib və həmin vaxt 10 il həbs cəzası alıb.
S.Vasilyeviç barəsində toplanmış materiallar Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.