"Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər. Buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib".
Stopnakotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.