Abdulla Şıxlinski: “Sosial mediada olan bəzi məlumatlar məhz insanların psixikasında müəyyən dəyişiklik etmək üçündur”
Günümüzdə demək olar ki, sosial şəbəkədən istifadə etməyən insan yoxdur. Azyaşlı uşaqlardan tutmuş, orta və yaşlı nəslin nümayəndələrinədək, demək olar, hər kəs sosial şəbəkədən istifadə edir. Şübhəsiz, bunun müsbət tərəfləri olsa da, mənfi tərəfləri də az deyil. Məsələn, əvvəllər həyatımız sanki daha maraqlı, qohum-əqrabalarla, qoşu və tanışlarla münasibət daha sıx idi. Hazırda isə bütün yaxınlarımızdan uzaq düşmüşük, sosial şəbəkələr bizə yaxınlarımızdan “daha yaxın” olub. Bundan narazı olanlar da ancaq yaşlı nəsillərdir, çünki onlar dərk edirlər ki, gənc nəsil getdikcə həyatdan uzaqlaşıb, bir qaranlığın içinə qarışır. Əlbəttə, deyə bilmərik ki, gənclərin hamısı vaxtını boş-boş platformalarda keçirir, bəziləri bundan öyrənmək, inkişaf məqsədilə də istifadə edir.
Sosial media istifadəsi gündəlik fəaliyyətimizin bir hissəsidir. Ondan istifadə etməyin və etməməyin faydaları son illərdə müzakirə olunur. Sosial mediada nə qədər çox hesab izləyiriksə, bir o qədər də oradan ayrıla bilmirik. İnsan hər bir şeyə öyrəşir və istənilən təzə nəsnə bir müddət sonra adiləşir. İnsan bu adiləşmədən sıxılır və nəticədə bu sıxıntını aradan qaldırmaq üçün yenilik, yeni nəsnə axtarışına çıxır. Sosial şəbəkələr daim və hər an yeni məlumatlar ötürdüyü üçün insanın bu tələbatını, yəni “yeniliyə ehtiyacını” ödəyir.
Əlbəttə, sosial platformalarda pis-yaxşı öyrəndiklərimiz çoxdur. Demək olar ki, sosial şəbəkələr real həyatın aynasıdır. Real həyatda necə davranırıqsa, virtual məkanda da eləyik. Təbii ki, yüksək əxlaqı, təhsili olan şəxs harada olursa-olsun öz davranışına və hərəkətinə nəzarət etməyi bacarır…
Şübhəsiz, hər bir ölkədə insanların sosial şəbəkədən istifadəsi fərqlidir. Məsələn, Azərbaycanda son vaxtlar əksər insanlar ancaq şəxsi həyatları ilə reytinq yığmağa çalışır, paylaşımlar da məhz bu istiqamətdə olur. Təəssüflə qeyd edirik ki, əxlaqı düzgün olmayan insanları izləyib, onlara bahalı hədiyyələr atan iş adamları və yaxud adi insanlar da az deyil. Beləliklə, hədiyyə atan insanlar da hədiyyə yığan şəxsiyyət yoxsulları ilə yanaşı, sosial şəbəkələri “bəzəyirlər”. Hansı ki, bunlar zamanla asılı insanlara çevrilirlər.
Təbii ki, hansısa bir şəxs sosial şəbəkədən biznes, reklam, maarifləndirmə və s. məqsədlər üçün istifadə edirsə, bu platformalar onun həyatında sadəcə gündəlik bir planlamaya, yaxud da gündəlik edə biləcəyi bir tapşırığa, işə çevrilə bilər. Bu halda, onların sosial şəbəkə asılısına çevrilməsi mümkün deyil. Asılılıq sadəcə o insanlarda və o hallarda yaranır ki, həmin insanların gündəlik heç bir məşğuliyyəti olmur və ətraflarında elə bir kütlə yoxdur ki, onlarla dostluq etsinlər, düzgün, daha maraqlı zaman keçirsinlər. Bu halda həmin şəxslər məcbur qalırlar ki, zamanlarını sosial şəbəkələrdə keçirsinlər. Əsasən də “TikTok”da. Bu da bir müddət sonra onlarda asılılıq yaradır. Çünki onlar sosial şəbəkə olmadan “yaşaya bilmirlər”.
Əlbəttə, sosial şəbəkələrdə “oturmaq” insanın zamanını daha ciddi və daha önəmli işlərə sərf etməsinə əngəldir. Öyrənmək üçün daha çox fürsət olsa da, təəssüf ki, bu platformalarda lazımsız videolar daha çox izlənilir. Hətta bəzi hallarda bu videolar gənc nəslin tərbiyəsini də pozur. Məsələn, bu gün “bloger” adı altında əxlaqsızlığı təbliğ edən qızlar heç də az deyil. Belə olduqda, yeniyetmə və gənc qızlar da onların “yaşayışlarını” görür və həmin blogerlər kimi varlı həyat yaşamaq istəyirlər. Beləliklə də, uşaq valideyndən soyuyur və özünü ancaq sosial şəbəkədə tapmağa çalışır.
Günümüzdə hətta yaşlı nəsli belə, özünə cəlb edən sosial platformalar gənclərə nələr etməz?! Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız internet üzərindən büruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır.
Bu və digər məsələlərlə bağlı həkim-psixiatr Abdulla Şıxlinski ilə həmsöhbət olduq. O, hesab edir ki, sosial media insanı psixi xəstəliyə apara bilər: “Bu, birmənalı olaraq sübut olunmuş həqiqətdir. Nəzərə almaq lazımdır ki, sosial media, ən çox da televiziya və radio, ümumiyyətlə bütün kütləvi informasiya vasitələri insan kütləsini nəzarətdə saxlayan bir vasitədir. Məqsəd insanları manipulyasiya etmək, nəzarətdə saxlamaq, yəni, müəyyən qüvvələrin marağına uyğun olaraq, onların davranışını idarə etməkdir. Hazırkı dövrdə sosial medianın, kütləvi informasiya vasitələrinin, ümumiyyətlə bütün əhali kütləsinin qəbul edə biləcəyi informasiya vasitələri, onların verdikləri məlumatlar - bunların hamısı siyasətçilərin, cəmiyyətdə olan müəyyən qrup nüfuzlu şəxslərin, kommersantların, dünyanın idarə olunmasında iştirak edən çox varlı adamların, yəni kapital sahibi olan şəxslərin əlindədir. İnsanlar çox şeyi bilmir. Onlar sosial medianı açır, ordakı materialı oxuyur, çox vaxt başa düşmürlər ki, hətta burda olan material həqiqət də olsa, insanları idarə etmək üçün bir vasitədir.
İnsanlar saytda olan materialı oxuyurlar, bu zaman onların psixi aləmində böyük təlatüm yaranır, beyinləri çoşur və lazım olmayaraqdan, çox güclü distress keçirirlər. Stress normal vəziyyətdir, distress artıq xəstəliyə aparan bir vəziyyətdir.
Sosial media, kütləvi informasiya vasitələri insanlara çatdırılması istənilən informasiyanın yalnız üzdə olan hissəsidir. Bunun görünməyən tərəfi var. Görünməyən tərəfini insanlara göstərmirlər. Görünməyən tərəfini başa düşmək üçün insanın özünün süuru, intellekti çox güclü olmalıdır. İnsan qlobal təfəkkürə malik olmalıdır ki, həmin informasiyanın əks tərəfini o mətnin içərisində tuta bilsin. Təəssüf ki, əhalinin içərisində belə adamlar həddindən artıq azdır. Əksəriyyət elə üzdə olan informasiyanı qavrayır, bu səbəbdən də o insanlarda müəyyən psixi dəyişiklik əmələ gəlir”.
Abdulla Şıxlinski hesab edir ki, bütün bunlar dünya qlobal siyasətinin tərkib hissəsidir: “Mən dəfələrlə bildirmişəm ki, dünya “Dib dövləti” tərəfindən idarə olunur. “Dib dövləti” gizlin, pərdəarxası dövlətdir. Onların əsas məqsədi dünyanın əhalisini idarə etməkdir. Əhalini idarə etmək üçün də ən gözəl vasitəslərdən biri kütləvi informasiya vasitələri və sosial mediadır. Sosial media və kütləvi informasiya vasitələrində olan bəzi məlumatlar məhz insanların psixikasında müəyyən dəyişiklik etmək üçündur. Bunun başlıca səbəbi ruhi vəziyyətində pozğunluğu olan adamlara nəyisə əmr etmək, onları idarə etmək, onları müəyyən bir istiqamətə yönəltməkdir. Bəzi paylaşımlar həqiqətən də müəyyən insanlarda psixi xəstəliklər yaradır”.
Həkim-psixiatr deyir ki, insan şüurunun, insan intellektinin idarə edilməsi dünya qlobal qüvvələrinin əsas məqsədidir: “Onlar bunu bu məqsədlə həyata keçirir. Ümumiyyətlə, kütləni idarə etmək üçün ikinci vasitə reklamdır. Bilirsiniz ki, reklamlar, xüsusən də televiziya reklamları da psixikanı korlamağa gətirib çıxaran bir məsələdir. Bu iki məqsəddən onlar çox güclü istifadə edirlər”.
A.Şıxlinski onu da qeyd etdi ki, son vaxtlar gənc nəslin aqressiv olmasında sosial medianın təsiri ilə yanaşı, təhsilin aşağı səviyyədə olması da ciddi tol oynayır: “Bizdə gənc nəsil demək olar ki, kitab oxumur, onlar bütün informasiyanı internetdən əldə edirlər. Kitab oxumayan, təhsili zəif olan insan heç bir zaman verilən informasiyaları düzgün qavraya bilmir. Həmçinin, öz həyatları ilə bağlı bəzi məqamlar da onlara qaranlıq qalır. Bu da ondan irəli gəlir ki, həmin insanların savadları, təhsil səviyyələri çox zəifdir. Bu məsələlər qaranlıq qaldığı üçün də onlar aqressivləşirlər. İnsan nəyisə bilməyəndə, o, həmin məsələyə qarşı aqressiv olur. Bu kimi səbəbdən də gənc nəsil aqressiv olur”.
Həkim-psixiatr bu fikirdədir ki, gənc nəslin aqressivləşməsinin bir səbəbi də fanatizmdir: “Fanatizmin müxtəlif növləri var. Bilirsiz ki, indiki dövrdə ideologiya yoxdur. Sovet dönəmində ideologiya var idi. İdeologiyanın olmaması şəraitində gənc nəsil fanatizmə gedir. Hər hansı bir məsələni özünə müqəddəs bir şey kimi seçir, onu fanatizm ruhunda yaşadır, bu da insanlarda güclü aqressiyaya səbəb olur. Əlbəttə, əsas yerdə sosial media, kütləvi informasiya vasitələri durur. Sosial mediada zorakılıq, aqressiya təbliğ olunur və nəticədə gənc nəsil baxır, aqressiya, zorakılıq, anti-sosial meyllərə qarşı onlarda yalançı pozitiv əhval-ruhiyyə yaranır. Belə insanlar da aqressiv olurlar. Bu, tamamilə bir-biri ilə əlaqəlidir”.
Jalə FAMİLQIZI