Şəmkirdə göldə batan 3 uşağın meyiti tapıldı - YENİLƏNİB

Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatı məlum olub.

Stopnarkotik.az "Report"a istinadla xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və əmisi oğlu, 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirli birlikdə süni göldə çimməyə gediblər.

Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldurlar.

***19:55

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır. 

**

***19:24

Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, meyiti tapılanlar 2018-ci il təvəllüdlü R. Nadirli, 2016-cı il təvəllüdlü F. Nadirli və 2021-ci il təvəllüdlü İ. Nadirlidir.

***18:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***18.04

Şəmkir rayonunda 3 nəfər göldə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.

Əraziyə FHN əməkdaşları cəlb olunub.