Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub? - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB-2

Aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulmuş və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olub. Həmçinin, Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

"Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir", - məlumatda vurğulanıb.

11:13

TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.

***10:54

Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Stopnarkotik.az xəbər verir ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***10:17

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.