Son 2 ildə Azərbaycanda narkomaniyaya və narkotik ticarətinə qarşı ciddi mübarizə gedir. Bir çox rəsmi qurumlar bu istiqamətdə səfərbər olunub. Bununla belə, hələ də problemin kökünü kəsmək mümkün olmur, əksinə vəziyyət günbəgün ağırlaşır. Maraqlıdır, hakimiyyətə gəlmək iddiasında olan siyasi partiyalar bu problemin həllini necə görür, onların gəncləri narkomaniyadan xilas etməklə bağlı konsepsiyası varmı? Stopnarkotik.az bu suala ilk olaraq Ana Vətən Partiyasından cavab almağa çalışıb. Müsahibimiz partiyanın sədr müavini, hüquqşünas Yalçın Hacızadədir.
- Yalçın bəy, hər bir siyasi partiyanın başlıca vəzifəsi hakimiyyətə gəlməkdər. Bu səbəbdən, onların hər birinin inkişaf konsepsiyası da olmalıdır. Bizim üçün maraqlıdır, təmsil etdiyiniz Ana Vətən Partiyası ölkəmizdə narkomaniyadan xilas yolunu necə görür?
- Bilirsiniz ki, 7 dekabrda prezidentin sərəncamı ilə növbədənkənar prezident seçkiləri təyin olundu. MSK da onun qanuni olaraq vaxtını fevral ayının yeddisinə təyin edib, bu haqda mətbuatda məlumat yayıb. Artıq ölkədə prezidentliyə namizədlərin qanuni əsasları yaranıb. Lakin Ana Vətən Partiyasının növbədənkənar seçkilərlə bağlı namizədi tam açıqlanmayıb. Ümumi olaraq bizim partiyanın siyasi xətti bundan ibarətdir ki, Azərbaycanda prezidentliyə yeganə şanslı namizəd İlham Heydər oğlu Əliyevdir. Biz növbəti prezident seçkilərində də İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik. Bununla bağlı partiyanın yaxın günlərdə qurultayının keçirilməsini planlaşdırırıq. Müəyyən texniki məsələlər var, bunlar həll olunandan sonra partiyanın qurultayı keçirələcək. Qurultayda rəsmi şəkildə prezidentliyə namizədliyimizi açıqlayacağıq. Bizim namizədimiz də cənab İlham Əliyev olduğuna görə, onun narkotiklə bağlı siyasəti bəllidir.
Azərbaycan dövləti narkotik ticarətinə və narkomaniyaya qarşı geniş mübariz aparır. Bununla bağlı dövlətin vahid konsepsiyası var. Eyni zamanda, narkotiklə mübarizəyə qarşı dövlət orqanları da cəlb edilib. Biz mətbuatda mütəmadi olaraq görürük ki, hüquq mühafizə orqanları narkotik ticarəti və narkotik istifadəçilərinə qarşı geniş və ciddi tədbirlər görürlər.
Çox təəssüflər olsun ki, ölkəmizdə narkomaniya və narkotik ticarətindən geniş istifadə etmək istəyən xarici qüvvələr də var. Əsasən cənub qonşumuz kütləvi şəkildə bizim ölkəyə narkotik keçirilməsinə çalışır. Hesab edirəm ki, qonşumuz tərəfindən bu siyasət bizim ölkəyə qarşı bilərəkdən aparılır. Amma şükürlər olsun ki, dövlətimiz bunun qarşısını alacaq imkanlara malikdir. Kifayət qədər də ciddi tədbirlər görülür.
- Sizcə, mövqeyindən asılı olmayaraq, bütün siyasi partiyaların ölkənin narkotik böhranından xilas yolu ilə bağlı konsepsiyası olmalı deyilmi?
- Ana Vətən Partiyası ölkəmizin qocaman partiyalarından biridir. İlk qeydiyyatdan keçən partiyalardandır. 1990-cı ildə yaranıb, rəsmi şəkildə qeydiyyatdan keçib. Partiyamızın nizamnaməsində məqsədi və funksiyaları göstərilib. Partiyamızın məqsəd və funksiyalarından biri ölkəmizdə milli adət-ənənələrin qorunması, gənclərin sağlamlıq, vətənpərvərlik siyasi əsasında tərbiyə olunmasından ibarətdir.
Bilirsiniz ki, narkotik dünyada yayılmış bəlalardan biridir. Ölkəmizdə də bunun böyük fəsadları var. Mətubatdan görürük ki, gənclər arasında buna meyl artıb. Biz partiyamızın sıralarına gənclərimizin qoşulmasında maraqlıyıq ki, gənclər elmi-siyasi və intellektual fəaliyyətlə məşğul olsun. Hər hansı peşə, ixtisas sahibi olsunlar ki, pis vərdişlərdən, pis əməllərdən uzaq dursunlar, belə pis əməllərin siyasətini aparan şəxslərin toruna düşməsinlər.
- Azərbaycanda narkomaniya və narkotik ticarətinin genişlənməsi aktual problemlərdən biridir. Hansı ki, sizin də dediyiniz kimi, bu problem daha çox gənclərimizi hədəfə alıb. Hətta narkomaniya artıq orta məktəblərə ayaq açıb. Ana Vətən Partiyası olaraq bu problemin həllini necə görürsünüz?
- Bizim ölkəmiz şərq, qərb, cənub, şimal marşrut xəttində yerləşir. Coğrafi ərazimiz həmin əraziyə düşür. Ona görə də başqa ticarət yollarından əlavə, təəssüflər olsun ki, narkotik vasitələri bizim ölkənin ərazisindən keçirməyə çalışan qüvvələr var. O qüvvələrə qarşı da geniş və ciddi tədbirlər görülür. Qeyd etdiyim kimi, narkomaniyanı ölkəmizdə də yaymağa çalışan qüvvələr var. Əsasən də gənclər arasında yaymağa çalışırlar. Bunun qarşısını almaqdan ötrü gənclər arasında güclü maarifləndirmə işi aparılmalıdır. Bu, daha çox da gənclərin fəaliyyət göstərdiyi, yerləşdiyi məktəblərdə olmalıdır. Məktəblərdə narkotiklərin fəsadları, narkotikdən istifadənin nələrə gətirib çıxara biləcəyi ilə bağlı tədbirlərin keçirilməsi, narkotik istifadəçilərinin həyatının hansı nəticələrə gətirib çıxardığı barədə məlumatların verilməsi hesab edirəm ki, narkotikdən istifadəyə qarşı mübarizə tədbirlərindən biridir.
- Sizin partiyanın gənclərlə bağlı konkret konsepsiyası varmı və varsa, orada nələr yer alır?
- Əlbəttə, gənclərlə bağlı bizim də siyasətimiz var. Partiyamızın təşkilatları var. Ümumiyyətlə, gənclərin aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmasının tərəfdarıyıq. Bu istiqamətdə təbliğatlarımızı aparırıq. Partiyamızın sırasında 20 mindən çox üzv var. Onların böyük əksəriyyəti gənclərdir. Biz gənclərin pis əməllərdən uzaqlaşaraq, mütərəqqi işlərlə, elmi-siyasət fəaliyyətlə, idman növləri ilə məşğul olmasında maraqlıyıq. Partiya, həm də ayrı-ayrı fərdlər olaraq bu istiqamətdə addımlar atırıq. Bildiyiniz kimi, mən həm də vəkiləm. Vəkillik fəaliyyətim zamanı da tez-tez narkotik cinayətlərinin qurbanları ilə rastlaşıram. Onların hansı forma ilə aldadılaraq bu bəlaya düçar olduqlarını görürəm. Həm hüquqi, həm də ictimai fəaliyyət zamanı insanların bu bəladan qurtulması, bu bəlaya düşməməsi üçün bu maarifləndirmə işləri aparıram.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI,
Stopnarkotik.az