Çində şirkətlərdən biri işçini istefaya məcbur etmək üçün onu dörd gün qaranlıq otaqda saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.
Nəşrin iddiasına görə, 2022-ci ilin dekabr ayında “Guangzhou Duoyi Network Co. Ltd” şirkəti Liu Linzhu adlı qrafik dizaynerindən könüllü olaraq istefa verməsi istəyib, lakin o, bunu rədd edib.
Bundan sonra dizaynerin iş hesabına girişi qadağan edilib və ona təlim keçməli olduğu bildirilib. Ardınca Liu işıqsız, kompütersiz və elektriksiz otağa aparılıb və telefonu əlindən alınıb. Ona heç bir tapşırıq verilməyib, sadəcə qaranlıqda boş masada oturmağa məcbur edilib. Qeyd olunub ki, bu proses dörd gün davam edib.
Liunun həyat yoldaşı baş verənlərdən xəbər tutduqdan sonra polisə müraciət edib. Bundan sonra şirkət dizaynerə işdən çıxarıldığı barədə rəsmi məlumat verib. Eyni zamanda, dizaynerin iş saatlarında guya erotik görüntülərə baxdığı bildirilib və bu səbəbdən də ona təzminat ödəməkdən imtina edilib.
Bundan sonra Liu məhkəməyə üz tutub. O, iddia ərizəsində kompüter oyunları dizayneri olduğunu, buna görə də müxtəlif şəkillərlə çox işlədiyini qeyd edib.
Məhkəmə də öz növbəsində onun xeyrinə qətnamə qəbul edib və şirkəti Liuya 380 min yuan (təxminən 89 min manat) ödəməyə məcbur edib.