Narkomaniyanı narkoticarət doğurur. Mikroiqtisadiyyatda çox istifadə olunan model tələb və təklif modelidir. Yəni təklif tələbi yaradır, tələb təkifin çoxluğuna-azlığına görə dəyişir. Amma narkomaniya məsələsində fərqlidir.
Narkomaniyanı narkoticarət yaratdığına görə, burada tələbin təklifi yaratmasından çox, təklifin tələbi tətikləməsindən danışmaq daha doğru olar. Eləcə də çətələşmiş narkoticarət faktını vurğulamaq yerinə düşər. Narkotik ölkəyə girəndən ta alıcısına çatanadək insanlıq adına ləkə olan şəbəkələşmiş bir qrup insan tərəfindən həyata keçirilir. Dövlət qurumlarının ortaya qoyduqları səylərə, demək olar ki, hər gün narkotik alveri və kuryeriyi ilə saxlanılan şəxslərə baxmayaraq, narkoticarət səngimir. Anti-narkotik mübarizəni yalnız rəsmi qurumların fəaliyyəti iə məhdudaşdırmaq isə effekt vermir.
Artıq məsələyə fərqli prizmadan yanaşmaq yerinə düşər. Mübarizə prosesinə sıravi insanları da qoşmaq lazımdır. Onların narkotacirlərin alverinə müdaxiləsi prosesə yeni nəfəs verər. Bu hər duyarlı vətəndaşın öz ailə fərdlərinin müdafiə missiyasını daşıyır. Bu hər şəhərin hər məhəlləsinin fəal insanlarını mübarizə işinə cəlb etməkdən keçir. Hər kəs öz məhəlləsində narkotik satıcılarını sıxışdırsa, onlara məhələdə yaşamağa, alver etməyə imkan verməsə, öz qonşularını ayıltsa, ətrafındakı insanlarda fərqindəlik yaratsa, narkotikin zərərləri haqda yan-yörəsindəki yeniyetmələrə, uşaqlara təbliğat aparsa, bu iş anti-narkotik maarifçilik hərəkatına çevriləcək. Buna görə, anti-narkotik təbliğatı rəsmi səviyyədə getməklə bərabər, sıravi insanlar səviyyəsinə enməli, hər kəs bunu öz vəzifə borcu hesab etməli, mübarizəni genişləndirərək hərəkat dərəcəsinə çatdırılmalıdır. Təbii ki, burada məhəllə fəalları ilə koordinasiyanı təmin etmək də vacib şərtdir.
Beləliklə, narkoticarətə qarşı mübarizənin yaşayış məntəqələrində sıravi vətəndaşların iştirakıyla daha bir üst səviyyəyə keçirərək, dağınıq, pərakəndə yox, təşkilatlanmış, səfərbərliklə aparılması məqsəduyğundur. Hər kəs öz məhəlləsni narkotikdən təmizləməlidir...
Stopnarkotik.az