Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq.
Stopnarkotik.az xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd olunub.
Layihəyə görə, tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə Azərbaycan Prezidenti “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı, istehsalı ilə bağlı icazə sisteminin isə təkmilləşdirilməsi, ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi öz əksini tapıb. Bu çərçivədə hazırlanan qanun layihəsi aşağıdakı məsələləri əhatə edir:
1. Tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması.
Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı, vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.
Qeyd etmək lazımdır ki, icazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin yaranmasına xidmət edəcək.
Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı, müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.
Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət var. Bu cür tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının artırılmasına səbəb olacaq.
Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması tələbi istehsalda istifadə olunan avadanlıq və qurğuların beynəlxalq standartlara uyğun olmasını və beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.
Tütün məmulatlarının istehsalı prosesinin hər bir mərhələsində məhsulun tərkibi müəyyənləşdirilməli və insan sağlamlığı üçün zərərli maddələrin normalarına riayət edilməsi istiqamətində laborator sınaqlar keçirilməlidir. Məhsulu laborator sınaqdan keçirmiş istehsalçılar hər bir istehsal mərhələsində məhsulu keyfiyyət göstəriciləri üzrə sınaqdan keçirərək qüsurları vaxtında aşkar edir. Qeyd edilən səbəbdən keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyasının olması, belə laboratoriya olmadığı təqdirdə bu cür sınaqları aparacaq laboratoriya ilə bağlanmış müqavilənin olması əsas şərtlərdən biri kimi müəyyən edilmişdir;
2. Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərtinin daxil edilməsi.
Bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaq. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq.
Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib;
3. Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı bir il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyət göstərməsi.
Bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir. Həmçinin dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən, vergidən yayınma hallarına mütəmadi olaraq yol verən, müxtəlif vergidənyayınma sxemləri ilə riskli əməliyyatlar aparmaqla kölgə iqtisadiyyatına şərait yaradan intizamsız vergiödəyicilərinin fəaliyyəti müvafiq sahədə aparılan islahatlara mənfi təsir kimi qiymətləndirildiyindən vergiödəyicisinin dövlət büdcəsinə vaxtı keçmiş öhdəliklərin olmaması, eləcə də vergiödəyicisi barədə riskli vergiödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması icazə şərtləri kimi müəyyən edilib.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.