Silah anbarlarını Rusiya kəşfiyyatı partladıb – Çexiya polisi açıqlama yaydı

Çexiyada aparılan istintaq 2014-cü ildə Vrbetice kəndindəki silah anbarlarında baş verən partlayışların Rusiya hərbi kəşfiyyatı (QRU) tərəfindən törədildiyini təsdiqləyib. Məqsəd Rusiya ordusunun əməliyyat apardığı ərazilərə - ilk növbədə Suriya və Ukraynaya silah və sursatların çatdırılmasının qarşısını almaq olub.

Bunu Çexiya Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli Mərkəzinin rəhbəri Jiri Mazanek deyib. Lakin Rusiya tərəfi Çexiya istintaqı ilə əməkdaşlıqdan imtina etdiyi üçün polis işi bağlamalı olub. Polis hesabatında QRU zabitlərinin adları çəkilmir, lakin əvvəllər müstəntiqlər partlayışın təşkilində Anatoli Çepiqa və Aleksandr Mişkinin adlarını çəkmişdi. Böyük Britaniya onların 2018-ci ildə Solsberidə keçmiş sovet kəşfiyyatçısı Sergey Skripal və qızının zəhərlənməsində əli olduğunu açıqlamışdı.

Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin rəhbəri Mixal Koudelka da partlayışlarda QRU zabitləri Çepiqa və Mişkinin iştirak etdiyini deyib. Onun sözlərinə görə, Çexiya əks-kəşfiyyatı partlayışlarda iştirak edən digər rusları da tanıyır, lakin Çepiqa və Mişkin əsas təşkilatçılar hesab olunur./azpolitika.info