Səhiyyə Nazirliyindən sahibkarlara "yoxlamalarla" bağlı ÇAĞIRIŞ

Son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi"nin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində "Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi" adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir.

Ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.

Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.