Bayramların hüznlü və qürurlu ünvanıdır şəhid ocaqları. Şəhid ürəklərinin hələ də “Mənim atam qəhrəmandır” deyənlərin köksündə vurduğu, bəyaz saçlarında “Mənim oğlum qəhrəmandır” kəlməsini əks etdirən fədakar anaların fərəh, fəxarət ocaqları... Bu ocaqlarda dünyaya övlad gətirib, cənnətə çiçək yetişdirən analar da var, məsum simaları, həsrətli gözləri ilə hər anlarını bir çörək kimi paylaşdığımız övladlar da. İlin hər günü dostluğu, sevgini, gələcəyi, süfrəmizi, kədərimizi, sevincimizi paylaşdığımız bu ocaqlar ilin Son çərşənbəsində xalqımızın bayram tonqalını alışdırdı.
Acılarını vətən sevgisi içində əridənlərin yanan ürəklərinə, bizə zəfər sevincini yaşadıb, bayramımızı bayram edən şəhid ocaqlarına az da olsa su çiləmək, qəlblərinə məlhəm olmaq üçün “Fireland group” un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanov bayramı elə onların evində onlarla birgə qarşıladı. Bəlkə durğun, bəlkə yorğun, amma yenə də ümidli və sevgi dolu əmanətləri bir tonqal ətrafında cəm edib gələn baharın onların həm çöhrəsində, həm də həyatlarında az da olsa çiçək açmasına vəsilə olmağa çalışdı. Sudan keçib, Odda bişib, Yel kimi düşmənin başının üzərini alaraq Torpaqlarımızı bizə qaytaran Qəhrəmanların əmanətlərinin də bayramlarına bayram qatmağı özünə mənəvi borc bilən Cəlal Qurbanov əmanət ailələrlə birgə Novruzu qeyd etdi. “Milli birliyimizin rəmzi olan Novruzda qalanan tonqallar bizim qələbə rəmzidir. Tarixən bizə gələn 3 tonqalın birini bu gün şəhid ailələri ilə birgə yandırdıq. Biri Qarabağımızda, Xankəndimizdə qalandı. Biri isə bütün və bütöv Azərbaycan naminə heç bir zaman sönməyəcək Zəfər tonqalımızdır”, - deyə vurğuladı.
Əlbəttə, bizim “Zəfərimizin Qadın Qəhrəmanları”da var ki, mətnliyi, ülviliyi, məğrurluğu ilə Azərbaycan qadınının simvoluna çevriliblər. Bir şəhid anası olmaq üzərinə düşən görəvi ən yaxşı və gözəl şəkildə yerinə yetirmək deməkdir. “Övladını doğru şəkildə yetişdirdin” deməkdir. Yetişdirdiyi övladı Vətənimizə, duaları isə üzərimizə daim mayak olan, gözüyaşlı, başı dik, onurlu və qürurlu bir qəhrəman anası Səmayə ananı da bu bayramda ziyarət etməyi özünə bir hərbi and kimi qəbul edən “Mənim oğlum qəhrəmandır” layihəsinin kollektivi o dəyərli ünvanın qapısını döydü. Qalib Ordunun qəhrəman generalından tutmuş, cəsur əsgərlərinədək vətən uğrunda şəhadətə yüksələn fədailərimizin belə məğrur anaları var olduqca hələ neçə-neçə Poladların, Mübarizlərin yetişəcəyi hər kəsə bəllidir. Söhbətinə, qonaqpərvərliyinə və o analığına doymadığımız Səmayə anamızım timsalında bütün şəhid analarını da təbrik edərək, onların dualarının kölgəsində hər daim iftixarla və başıuca gəzəcəyimizdən əmin olduq. Zirvəsi bəyaz dağlar bahar gələndə ağ çalmasını açıb, yaşıl şala bürünür deyirlər. Dua edir və inanırıq ki, Səmayə anamızın timsalında bütün fədakar şəhid analarımızın və Vətəni “Ata” bilən övladlarımızın həyatına da bu Novruz sadəcə təsəlli deyil, xoş ovqat və ümid gətirəcək.
“Fireland group”un rəhbəri Cəlal Qurbanov da bayram nitqində məhz bunları dilə gətirdi: “Bayramların hüznlü və qürurlu ünvanı şəhid ocaqlarında dünyaya övlad gətirib, cənnətə çiçək yetişdirən analar və atalar var. Acılarını vətən sevgisi içində əridənlərin yanan ürəklərinə, bayramımızı bayram edən şəhid ocaqlarına az da olsa su çiləmək, qəlblərinə məlhəm olmaq üçün “Mənim oğlum qəhrəmandır” layihəsinin kollektivi daim o ana və atalara az da olsa qol-qanad olmağa çalışır. Elə milliliyimizin və birliyimizin rəmzi Novruz bayramında da o dəyərli ünvanlardan birinin, onların timsalında isə xəyalən hər birinin qapısını döydük. “Zəfərimizin Qadın Qəhrəmanları”ndan biri, şəhid analarının anası, yetişdirdiyi övladı Vətənimizə, duaları isə üzərimizə daim mayak olan, gözü yaşlı, başı dik, onurlu və qürurlu bir qəhrəman anası Səmayə ananı da bu bayramda ziyarət etməyi özümüzə bir hərbi and kimi qəbul etdik. Qalib Ordunun qəhrəman generalından tutmuş cəsur əsgərlərinədək vətən uğrunda şəhadətə yüksələn fədailərimizin belə məğrur anaları var olduqca hələ neçə-neçə Poladların, Mübarizlərin yetişəcəyi hər kəsə bəllidir. Söhbətinə, qonaqpərvərliyinə və o analığına doymadığımız Səmayə anamızım timsalında bütün şəhid analarını, həmçinin cəfakar, varlığı nemət, duası bərəkət, sağlığı isə arxa dayaq olan şəhid atalarımızı da təbrik edərək, onların dualarının kölgəsində hər daim iftixarla və başıuca gəzəcəyimizdən əmin olduq. Dua edir və inanırıq ki, Səmayə anamızın timsalında bütün fədakar şəhid analarımızın , Vətəni “Ata” bilən övladlarımızın və şəhadətə yürüyən övladını “Vətən” bilən atalarımızın həyatına da bu Novruz sadəcə təsəlli deyil, xoş ovqat və ümid gətirəcək.
Ana vətəndə, ata evlərində sayğıyla ziyarət etdiyimiz şəhid böyüklərinin əllərindən öpür, atam, ailəm və şəxsən öz adımdan hər birini bir daha təbrik edirik. Bayramınız mübarək, bizə əsl bayramı yaşadanları yetişdirənlər”!
Stopnarkotik.az