Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.
Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: “Biz eyni zamanda, ona da ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək”.
Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb: “Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.