“Səbəbkarlardan biri Nəcməddin Sadıkovdur, o da ifadə verməlidir” -"ŞLYAPA ZAHİD"İN MƏHKƏMƏSİ

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, külli miqdarda mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatət qaldırıb.

O bildirib ki, Zahid Niftəliyevin həbsdə olmasının səbəbkarlarından biri “ATABank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir: “Məhkəmədən xahiş edirəm ki, Dəyanət Quliyevin dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovdur. Həmin şəxslə mərhum vergilər naziri Fazil Məmmədov arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaq materialları təqdim etsək də, Nəcməddin Sadıkov dindirilməyib. Xahiş edirəm ki, həmin şəxs də məhkəməyə çağırılaraq dindirilsin."

Vəkil, həmçinin, bildirib ki, “ATABank”ın xəzinədarı Barat Heydərov istintaqa Z. Niftəliyevə kassadan 24 milyon manat çıxarıb verdiyini deyib. Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib. Daha sonra vəkil bildirib ki, müvəkkili istintaq materialları ilə tanış olmaq istəyir. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən təqdim olunan materiallar əsaslıdır. O, verilən vəsatətləri əsassız sayıb. Qısa müşavirədən sonra hakim heyəti qərarı elan edib.

Bildirilib ki, hazırkı mərhələdə vəsatətlər baxılmamış saxlanılır, onlara növbəti mərhələdə baxıla bilər. Prosesdə “ATABank”ın mümayəndəsi Z. Niftəliyevə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Z. Niftəliyev isə özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O, həmçinin, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib. Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir.