Rusiya qoşunlarını Abxaziya və Sxinvali bölgəsindən çıxarana və Gürcüstanın ərazi bütövlüyünü tanıyana qədər Tiflis Moskva ilə diplomatik münasibətləri bərpa etməyəcək. Bu barədə Gürcüstan Parlamentinin Xarici İşlər Komitəsinin rəhbəri Nikoloz Samxaradze bildirib.
"Gürcüstan hökumətinin açıq şəkildə ifadə etdiyi siyasəti var: Gürcüstan əraziləri işğaldan azad edilməyənə qədər, Rusiya işğalçı qoşunlarını Abxaziya və Sxinvali bölgəsindən çıxarana qədər Rusiya ilə heç bir diplomatik münasibət və ya siyasi dialoq olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin bunun Saakaşvilinin siyasətinin davamı olduğu barədə açıqlamasına gəldikdə isə, bu, Saakaşvilinin, Şevardnadzenin və ya başqasının siyasəti deyil. Ölkənin işğaldan tamamilə azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi Gürcüstan dövlətinin marağındadır. Rusiya bu prosesə mane olur; Gürcüstan ərazisini saxlayan işğalçı Rusiyadır. Müvafiq olaraq, Rusiya Gürcüstanla normal diplomatik münasibətlər istəyirsə, qoşunlarını çıxarmalı və ərazi bütövlüyünü tanımalıdır. Bu, bizim cavabımızdır və Rusiya bunu çoxdan yaxşı bilir", deyə Nikoloz Samxaradze bildirib.
Stopnarkotik.az