Xəbər verdiyimiz kimi, erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin qapılarını sındırıblar. Basqın Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı "nümayəndəliyi"nin ərazisindən götürülüb.
Bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.
Məlumata görə, avtomobil narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxta dövlət nömrə nişanları ilə idarə edilməsi işi çərçivəsində götürülüb.
İstintaq Komitəsinin nümayəndəsi isə avtomobilin cinayət işi çərçivəsində müsadirə edildiyini vurğulayıb.