Samirə Əfəndi ermənini niyə qucaqlayıb? - ÖZÜ AÇIQLADI / VİDEO, YENİLƏNİB

Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.

Stopnarkotik.az xəbər verir ki, Samirə Əfəndi birmənalı qarşılanmayan bu davranışına prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində aydınlıq gətirib.

“Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Sözsüz ki, biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin dalınca getməyə çalışıram. Mənə elə gəlir ki, ölkədən kənara çıxan və göz önündə olan hər kəs sülhə doğru kiçik körpülər qurmalıdır.

Mən həmin iştirakçını finala qədər çox kəsmişəm. Elə olub ki, hər kəs 12 bal verib, amma mən 10 bal vermişəm. Söhbət musiqidən, təhsildən gedirsə, həmin iştirakçı həqiqətən çox gözəl ifa edirdi. Ona 12 bal verməyim hamını çox heyrətləndirdi. Mən bu hərəkətimə görə peşman deyiləm. Çünki dəfələrlə onun haqqına girdim. Amma finalda onun layiq olduğu xalı verdim. Mən musiqiçi kimi baxıram, siyasətçi deyiləm ki, düşmənlik edim. Mən ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişəm”, - ifaçı bildirib.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək - 12 bal verib.

Daha ətraflı videoda:

*** 11:46

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müğənni qonaq olduğu "Tarixin Bir Günü" verilişində məsələyə münasibət bildirib:

"Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram"./musavat.com