Şamaxı şəhərində ailəsi tərəfindən zorla zirzəmidə saxlanılan gənc qadın polis əməkdaşları tərəfindən xilas edilib.
Hadisə Şamaxı şəhər Atatürk küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
1976-cı il təvəllüdlü Vüqar Talıbov (soyad şərtidir) qızının Bakı şəhərində həyat yoldaşından boşanmaq istədiyini öyrənib. O, qızının sərbəst həyat tərzi sürməsindən, axşamlar işdən evə gələndən sonra müxtəlif ünvanlara getməsindən narahat olaraq paytaxta gəlib. Burada qızını aldadaraq Şamaxı şəhərinə aparan Vüqar onu evin zirzəmisinə salaraq qapını kilidləyib. 6 gün zirzəmidə qalan qızı isə polislər xilas ediblər.
Hadisə barədə ifadə verən zərərçəkmiş qız atasının onun sərbəst yaşamaq istəməsinə qarşı çıxdığını və anası ilə əlbir olaraq onu zirzəmiyə saldığını deyib:
"2014-cü ildə ailəmin təkidi ilə Allahverdi Babayev adlı şəxslə ailə qurdum, iki oğlumuz oldu. Əvvəl Şamaxıda Allahverdinin valideynlərinə məxsus evdə yaşadıq, sonra Bakıda Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamışıq. Bir müddətdən sonra münasibətimiz pozuldu, boşanmaq qərarına gəldim. Atam Vüqar bunu bilib boşanmağıma mane olmağa çalışdı. Məni aldadaraq Bakıdan Şamaxıya gətirdi. Şamaxıdakı evə çatdıqda maşından düşən kimi atam qollarımdan tutub məni evin zirzəmisinə apardı. Zirzəmiyə daxil olduqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıq qoyulduğunu gördüm. Başa düşdüm ki, atam məni əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir və bunun üçün əvvəlcədən hazırlıq görüb. Zirzəmidə gördüm ki, otağın qapı yerinə dəmir məhəccər vurulub, yəni məhəccərlə qapı düzəldilib, qapıya iki kilid vurulmuşdu".
O zirzəmidə 6 gün zorla saxlanıldığını bildirib: "Bu müddət ərzində bir neçə dəfə atam yanıma gəlib məndən ərimdən boşanıb-boşanmayacağımı soruşdu, cavabımda boşanıb sərbəst yaşamaq istədiyimi dedikdə məni təhqir edib çıxıb gedirdi. Daha sonra anama yalvardım ki, oğlumla telefonla danışmaq istəyirəm. Bu zaman fürsətdən istifadə edib DİN-in 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanmağım barədə məlumat verdim. Bir neçə dəqiqə sonra polislər geri zəng etdilər və qapının bərkdən döyüldüyünü görüb onların gəldiyini anladım. Polislər zorla qapını açıb içəri girdilər, 3 nəfər polis əməkdaşı məni anamın əlindən alıb xilas etdi və Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) gətirdi".
Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin 145.1-ci, yəni qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş açılıb. Rayon məhkəməsinin 10 sentyabr tarixli hökmü ilə Vüqar Talıbov 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Məhkəmədə qız atasından şikayətçi olmadığını bildirib./publika.az