"Sağlam gənclik sağlam inkişaf, sağlam düşüncə deməkdir"
“Hər birimiz çalışmalıyıq ki, gənclərimiz onların sağlamlığını, gələcəyini puç edən narkotik maddələrdən uzaq dursunlar. Sağlam gələcək, sağlam gənclik üçün vətəndaş olaraq hər birimizin üzərinə ciddi məsuliyyət düşür”.
Stopnarkotik.az xəbər verir ki, bu haqda Bakı Dövlət Universitetinin (BDU) müəllimi, tarix üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü İradə Əlili bildirib. Onun fikrincə, vətəndaşlar nafrkotik alverinə və narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarına dəstək olmalıdır: “Təbii ki, həm dövlət, həm də vətəndaşlar bu mövzuda çox həssaslıq nümayış etdirirlər. Dövlət səviyyəsində görülən işlər, qabaqlayıcı tədbirlər təqdirəlayiqdir. Biz vətəndaşlar da bu mövzuda dövlətimizə dəstək olmalı, gənclərin zərərli vərdişlərdən uzaq durmasına çalışmalıyıq.
Əlbəttə, gənclərin narkotik maddələrin istifadəsindən uzaq olması üçün bir çox işlər gedir. Narkomaniyanın yayılmasına qarşı gənclər arasında maarifləndirici tədbirlər aparılır, video-roliklər çəkilir və s. Bütün bunlara paralel olaraq, ailə də, cəmiyyət də narkomaniyaya qarşı mübarizədə ayıq-sayıq olmalıdırlar. Məktəbdə də yeniyetmə və gənclərə qarşı çox həssas davranılmalıdır.
Valideynlər övladlarına daha çox zaman ayırmalı, davranışına, əhatəsinə, dostlarına diqqət etməli, onları zamanında bu bəladan çəkindirməlidir. Məsələn, onlarda fərqli davranış gördükləri zaman psixoloqlara müraciət etməlidirlər”.
İradə xanım deyir ki, narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə işi aparmaqla yanaşı, narkotik satıcılarına qarşı cəzalar da sərtləşdirilməlidir: “Həm maarifçilik işlərinin aparılması, həm də cəzaların sərtləşdirilməsi bu bəladan qurtarmaq üçün mütləqdir. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Bundan əlavə, hansı peşə sahibi olursa-olsun, o insan cəmiyyətdə gənclərin doğru istiqamət almasına öz köməyini göstərməlidir. Sağlam gənclik sağlam inkişaf, sağlam düşüncə deməkdir”.
İradə Əlili vurğualdı ki, narkomaniyanın zərərlərini gənclərə çatdırmaq üçün vətəndaş cəmiyyətinin də üzərinə böyük yük düşür: “Qeyd etdiyimiz kimi, bu yönümdə dövlətimizin çalışmaları vardır. Aidiyyəti idarələr bu sahədə öz vəzifə borclarını ləyaqətlə həyata keçirirlər. Lakin vətəndaş cəmiyyəti də narkomaniya ilə mübarizədə fəal olmalıdır. Hər birimiz çalışmalıyıq ki, gənclərimiz onların sağlamlığını, gələcəyini puç edən narkotik maddələrdən uzaq dursunlar. Sağlam gələcək, sağlam gənclik üçün vətəndaş olaraq hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Gənclərimizin zərərli vərdişlərdən uzaq olmasına hər vəchlə çalışmalıyıq”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az